Kriştiano Ronaldo Real Madridə qayıtmaq istəyir
Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanında bədbəxt olduğu və mövsümün sonunda Real Madridə getmək arzusunda olduğu məlumatı yayılıb.
İnformator.az qərb mediasına istinadən xəbər verir ki, qalmaqallı şəkildə “Mançester Yunayted”dən ayrıldıqdan sonra Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubuna transfer olunan Kriştiano Ronaldo köhnə komandasına dönmək istəyir.
Məlumatda "Əl Nəsr"ə 2,5 illik və 500 milyon avroluq müqaviləylə gedən Kriştiano Ronaldonun mövsümün sonunda ayrılmaq istədiyi deyilir. Xəbərə görə, o, bir mövsüm Real Madriddə oynamaq istəyir.
İspaniyanın “Mundo Deportivo” qəzetində yer alan xəbərdə də Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanı kimi qapalı mədəniyyətə malik bir ölkəyə uyğunlaşmaqda çətinlik çəkdiyi, dil baryerində ilişib qaldığı və bu ölkədə yaşamaqdan narazı olduğu bildirilib.
Qeyd edək ki, 38 yaşlı portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı Pro Liqasında 12 oyunda 12 qol vurub və 2 məhsuldar ötürmə verib.
Aydan
