“Laçının Qələbə Günündə: Siyasət, Ordu və Xalqın Bir Səsi”
Laçın - illərin həsrətindən sonra yenidən doğma sahiblərinin nəfəsini hiss edən sakit, amma hekayələrlə dolu şəhər. Bu torpaqlar uzun illər boyu müharibənin izlərini daşısa da, 1 Dekabr tarixi Laçın üçün yeni bir səhifə açdı. Şəhər güllə atılmadan, döyüşsüz, qarşıdurmasız şəkildə Azərbaycana qaytarıldı və bu hadisə ölkənin hərbi-siyasi tarixində nadir nümunələrdən biri kimi yadda qaldı. Bu gün Laçına qayıdan yol təkcə coğrafi məsafəni deyil, illərlə gözləyən insanların ümidini də ölçür. Kimisi bunu ordunun strateji üstünlüyü ilə, kimisi isə diplomatik müdrikliklə izah edir.
Rayonun deputatı, hərbi ekspert və doğma yurda dönən sakinlər bu böyük dönüşün fərqli tərəflərini danışıblar.
Reportajımız Laçının döyüşsüz azad edilməsinin arxasındakı səbəblərə, bu gün rayonda bərpa olunan həyata və sakinlərin illər sonra yenidən doğma yurdla görüş emosiyalarına işıq tutur.
Mövzu ilə bağlı Laçın rayon deputatı Rövşən Muradov "İnformator.az" xəbər saytına xüsusi müsahibə verib.
Deputat Laçının işğaldan azad edilməsini Azərbaycanın diplomatik sahədə qələbəsi hesab edir:
"Cənab Prezidentin Laçını heç bir əməliyyat aparılmadan işğaldan azad etməsi diplomatiya masasında Ermənistanın siyasi rəhbərliyinin məhv edilməsinin ən baris nümunəsidir. Qürur hissi ilə demək lazımdır ki, iyirmi səkkiz illik erməni işğalından azad olunan Laçın rayonunda yenidən üçrəngli şanlı Azərbaycan Bayrağı dalğalanır, rayonumuzda bərpa-yenidənqurma işləri sürətlə davam edir, yeni infrastruktur qurulur və laçınlıların doğma yurdlarına köçürülməsi mərhələli şəkildə davam etdirilir. Bütün bu layihələrin həyata keçirilməsi isə bir daha göstərir ki, Laçın rayonu tezliklə cənnət məkana çevriləcək və Azərbaycanın ən böyük rayonlarından biri olmaqla, ölkəmizin gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq",-deyə R.Muradov bildirib.
Deputat Cənab Prezidentin Laçınla bağlı çıxışındakı ifadələrlə fikirlərini yekunlaşdırıb.
Cənab Prezidentin dediyi kimi:
"Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur".
.jpg)
.jpg)
Təbii ki, bu reportajı hazırlayarkən Laçın şəhər sakinlərini unuda bilməzdik.
Məhz həmin sakinlərdən biri də Fuad Əsgərovdur. Müsahibimizin dediyinə görə, Laçın şəhəri işğal olunarkən o, əsgər olub:
“Laçın işğal olunan vaxtı mən Laçında hərbiçi olmuşam. 811 nömrəli hərbi hissənin 400-cü batalyonunda könüllü olaraq erməni terrorçularına, ermənilərə qarşı döyüşmüşəm. Laçından ayrıldığımız gün... Onu dillə izah etmək çox çətin məsələdir. Çünki doğma, doğulub-böyüdüyün, boya-başa, həddi-buluğa çatdığın bir yerin itirilməsi insana nə qədər ağır gəlirsə, onu təsəvvür etmək bir o qədər də çətindir. Biz Laçından ayrıldıq, amma 30 il Laçın alınana qədər heç vaxt Laçınsız yaşamadıq. İkinci Qarabağ müharibəsində, tək Laçının yox, torpaqlarımızın işğaldan azad olunması xəbərlərini eşidəndə sevincimizin hədd - hüdudu yox idi. Onu necə təsəvvür edə bilərsiniz ki, ayrıldığınız bir yerə 30 ildən sonra qaydıb və orada yaşamaq sizə qismət olacaqdır. Ali baş komandanının rəhbərliyi ilə, müzəffər ordumuzun və Azərbaycan xalqının gücü ilə işğal olmuş torpaqların azad olunması hissini bizə yaşadan Allahımıza şükürlər olsun. Bu qürur, şərəf, vicdan hissidir və biz o hissləri yaşadıq. İllər sonra Laçına qaydış, yenidən Laçında yaşamaq şərəfi bizə qismət oldu. Bu bizim üçün çox böyük bir önəm kəsb edir".
Laçının gözəl təbiətindən bəhs edən Fuad kişi orada yaşamağın fərqli bir qürur olduğunu da qeyd edib:
"Əvvəla, Laçının gözəl təbiəti, mənzərəsi yəqin ki, bunlar haqqında bilirsiniz, məlumatınız var. Ancaq Laçında yaşamaq, Laçın sakini olmaq o, tam başqa bir qürurdur, başqa bir hissdir. Bunun üçün, Laçında yaşadığımız üçün, başda cənab Ali Baş Komandan olmaqla, Azərbaycan ordusuna öz minnətdarlığımızı bildiririk. Allah-Taala şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin və bu müharibənin, torpaqlarımızın işğaldan azad olunmasında əməyi keçənlərin hər birinə təşəkkürümüzü bildiririk”,-deyə o, fikirlərini yekunlaşdırıb.


Digər müsahibimiz - Laçın şəhər sakini Sovet Həsənov isə həm, Laçın şəhərinin işğalı zamanı çəkdikləri əzab-əziyyətdən, həm də Laçın şəhərinin işaldan azad olunmasının sevincindən danışıb:
“Laçından çıxdığımız gün… O gün yaddaşımızda kədərlə qalıb. Biz 1992-ci il may ayının 17-də gecə vaxtı Laçından avtobusla çıxdıq. Hara getdiyimizi belə bilmirdik, çünki hər tərəfdə qarışıqlıq, qorxu və çaşqınlıq var idi. Ailəm, qonşularımız və tanımadığımız yüzlərlə insan eyni taleyi yaşayırdı, hamı doğma yurdu tərk etmək məcburiyyətində qalmışdı. Biz Füzuli-Beyləqan yolu ilə yola düşdük. Yol boyu hamının üzündə eyni sual vardı. “Görəsən nə vaxtsa geri dönə biləcəyikmi?”. Bir neçə gün davam edən köçdən sonra Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində məskunlaşdıq. Lakin şükürlər olsun ki, Laçın şəhəri bu gün azaddır. Biz artıq Laçının o gözəl havasından alıb, suyundan içirik. Buna görə, Cənab Prezident İlham Əliyevə təşəkkür edib, şəhidlərimizə Allahdan rəhmət diləyirik".
Müsahibimiz Sovet bəyin ömür-gün yoldaşı Sevinc xanım da bu gün doğma elində olmağın sevincini bölüşüb:
"Bayaq yoldaşımın dediyi kimi, o gün yaddaşımızda kədərlə qalıb. O hissləri kimləsə bölüşmək üçün yaşayasan gərək. 1992-ci ildə Laçından çıxanda 29 yaşım vardı, hazırda 63 yaşım var. 3 ildir ki, Laçında yaşayıram. Bu gün biz Laçındayıq ! Bunu bizə bəxş edən rəbbimə şükürlər olsun. Bunlar Cənab Prezidentin qətiyyətli siyasəti, güclü iradəsi və ordumuzun şücaəti sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə isə can sağlığı versin. Bunun nəticəsində biz öz yurdumuza geri qayıtmaq imkanı qazandıq",-deyə o qeyd edib.

Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov isə bildirib ki, 1 Dekabr Laçın şəhərinin əməliyyatsız azad olunması Azərbaycan dövlətinin diplomatik güc göstəricisidir. Lakin əməliyyat yolu ilə alınsa idi, vəziyyət bir qədər çətin olardı:
“Laçın əməliyyat yolu ilə alınmalı olsaydı, sərt relyef, dağlıq ərazi və uzun illər qurulmuş müdafiə mövqeləri əməliyyatı həm taktiki, həm də strateji baxımdan çətinləşdirərdi. Amma Füzuli, Cəbrayıl, Hadrut kimi yaşayış məntəqələrini ardıcıl azad etdikdən sonra düşmən artıq Kəlbəcəri və Laçını qorumaqda çətinlik çəkirdi. Ona görə də onlar Laçını döyüşsüz təhvil verməyə razı oldular. Düşmən real vəziyyəti bilirdi, həm də onların havadarları da bunu görürdü. Bu bizim siyasi və strateji imkanlarımızı nümayiş etdirən hadisədir. Əgər əməliyyat yolu ilə nəzarətə götürülməli olsaydı, sözsüz, itkilərimiz olardı. Beləliklə, onlar Azərbaycan ordusunun gücünü qəbul etdilər, qoşunlarını geri çəkdilər. Bu gün Laçında həm beynəlxalq aeroport fəaliyyət göstərir, həm də insanlar geri qayıdır. Bunlar çox vacib faktorlardır və bizim üçün böyük motivasiyadır”,-deyə o deyib.

Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzovun da fikirlərini öyrəndik.
O, Laçının heç bir əməliyyat həyata keçirilmədən azad edilməsini mühüm hadisələrdən biri kimi qiymətləndirir:
"Təbii ki, Laçının döyüşsüz Azərbaycanın nəzarətinə keçməsi və azad olunması mühüm hadisə idi. Bu, ilk növbədə insan və şəxsi heyət itkisinin qarşısını aldı. Çünki Laçın strateji və relyef baxımından çox mürəkkəb ərazi ilə əhatələnir. Əgər orada hərbi əməliyyat keçirilmiş olsaydı, bu ciddi insan resursu hesabına başa gələcəkdi, lakin biz bunun qarşısını aldıq. Bundan əlavə, biz bir daha göstərdik ki, Azərbaycan həm hərbi, həm də diplomatik yolla özünün ərazi bütövlüyünü təmin etməyə qadirdir. Ermənistan hərb sahəsində tam tənəzzülə uğradıldıqdan sonra prosesin bundan sonrakı gedişatı da aydın oldu. Belə ki, Azərbaycan 44 gün davam edən döyüşlərdən sonra da irəliləyib, digər ərazilərini də hərb yolu ilə işğaldan azad edə bilərdi. Bunu artıq həm Ermənistan, həm də Rusiya tərəfi çoxdan dərk etmişdi. Məhz buna görə digər bir sıra ərazilər, o cümlədən Laçın məhz danışıqlar yolu ilə Azərbaycanın nəzarətinə keçdi".
K.Novruzov Laçındakı yenidənqurma işlərindən də bəhs edib:
"Təbii ki, Laçın da daxil olmaqla sürətli yenidənqurma və bərpa işləri hamımızı sevindirir. Bu təkcə Laçına aid deyil ,biz digər işğaldan azad olunmuş bölgələrimizdə də canlanmanın və inkişafın şahidi oluruq. Bu da öz növbəsində, həm sosial-siyasi, həm də iqtisadi inkişaf baxımdan əhəmiyyətlidir. Orada yenidənqurma işləri ilə yanaşı yeni iş yerləri də açılır, əhali artıq öz ata-baba torpaqlarına köçür. Yeni iş yerlərinin açılması iqtisadiyyatın inkişafına töhfə verir və dövlət olaraq beynəlxalq ictimaiyyətə, o cümlədən qonşu Ermənistana göstəririk ki, bu torpaqların əbədi sahibi məhz Azərbaycandır".
Siyasi şərhçi hazırkı vəziyyətdə Azərbaycan-Ermənistan münasibətlərinə də toxunub:
"Azərbaycan-Ermənistan münasibətləri, təbii ki, bu gün inkişaf edir. Artıq rəsmi İrəvan reallıqları qəbul edib. Azərbaycanın iki əsas şərti var idi ki, bunlardan birincisi ATƏT-in Minsk qrupunun ləğv edilməsi və sərhədlərin tanınması idi. Bu məsələ demək olar ki, tamamilə həllini tapıb. İkincisi isə Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Bu məsələ də artıq Ermənistanda ciddi siyasi diskursa səbəb olub. Düşünürəm ki, Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra bu məsələ də həllini tapacaq və onun ardınca sülh sazişinin imzalanması üçün heç bir əngəl qalmayacaq. Eyni zamanda, Qərbi Azərbaycandan olanların da öz ata-baba yurdlarına qayıtması məsələsi gündəmə gələcək”,-deyə o, fikirlərini yekunlaşdırıb.
Mayıl Soltan
Nazim Xeyrxəbərli
Zəri Bayramlı
