“Əlaqə qurmaq həmişə müharibəni davam etdirməkdən yaxşıdır“
Rusiya Prezidenti Vladimir Putin Macarıstanın paytaxtı Budapeştdə görüşmək təklifinin ABŞ-dən gəldiyini ifadə edərək, “Əlaqə qurmaq müharibəni davam etdirməkdən yaxşıdır” ,-deyib.
Putin paytaxt Moskvada keçirilən tədbirdən sonra rus mətbuat mənsublarının aktual mövzularla bağlı suallarını cavablandırıb.
ABŞ-nin Rusiyaya qarşı yeni sanksiyalarının Rusiya iqtisadiyyatına ciddi təsir etməyəcəyini bildirən Putin, Rusiya neftinin qlobal bazarlarda sürətlə azalacağı təqdirdə enerji qiymətlərində artım olacağını bildirib.
Putin sanksiyaların Rusiyaya təzyiq vasitəsi kimi istifadə edildiyini və ABŞ-nin bu addımı ilə münasibətləri korladığını bildirib.
Ukraynanın uzaqmənzilli raketlərlə mümkün hücumu.
ABŞ Prezidenti Donald Trampın Budapeştdə keçirilməsi planlaşdırılan sammiti ləğv etdiyi barədə açıqlamasına münasibət bildirən Putin, "Həm görüşün özünü, həm də görüş yerini ABŞ təklif edib",-deyib.
Putin, Trampın sözügedən sammiti "yəqin ki" təxirə saldığını şərh edərək, "Müharibənin davam etdirilməsindənsə, təmasların olması həmişə yaxşıdır. Ona görə də dialoqun davam etdirilməsini həmişə dəstəkləmişik və indi də dəstəkləyirik",-deyib.
Sammitə intensiv hazırlıq görülməli olduğunu bildirən Putin, bu işlərə ilk olaraq iki ölkənin xarici işlər nazirləri ilə başlamasının vacibliyini vurğulayıb.
Ukraynanın Rusiya ərazisinin daxili hissələrinə uzaq mənzilli raketlərlə hücum edəcəyi təqdirdə gərginliyin daha da artacağına diqqət çəkən Putin, "Rusiya buna ciddi və üzücü bir şəkildə cavab verəcək",-deyib.
TRT XƏBƏR
Nəzrin Nəsirova