Lavrov Alyaska görüşündən danışıb
Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Moskva Alyaskada ABŞ-Rusiya danışıqlarında öz aydın mövqeyini ortaya qoyacaq, artıq ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun səfərləri zamanı bu məsələ ilə bağlı çox işlər görülüb.
“Biz heç nəyi qabaqcadan planlaşdırmırıq. Bilirik ki, bizim arqumentlərimiz var, aydın, dəqiq mövqeyimiz var. Onu təqdim edəcəyik. Prezident bildirib ki, Stiven Uitkoffun səfərləri zamanı burada artıq çox işlər görülüb. Uitkoff Prezident Trampın adından danışıb. Ümid edirəm ki, bu çox faydalı söhbəti bu gün də davam etdirəcəyik”, - Lavrov bildirib.
Qeyd edək ki, Tramp və Putin Alyaskada bu gün görüşəcək.
Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Tramp fəaliyyətə başladıqdan dərhal sonra ABŞ nümayəndəsi ilə Rusiya nümayəndəsi arasında görüşlər keçirilməyə başlayıb:
“Bildiyimiz kimi, artıq uzun müddət idi ki, ABŞ prezidenti ilə Rusiya prezidenti arasında görüşün baş tutacağı ehtimalları səsləndirilirdi. Tramp elə fəaliyyətə başladıqdan dərhal sonra ABŞ nümayəndəsi ilə Rusiya nümayəndəsi arasında görüşlər keçirilməyə başlayıb. İlk olaraq, bu görüş Səudiyyə Ərəbistanında baş tutub. Onun ardınca tərəflərin nümayəndələri Amerika Birləşmiş Ştatları tərəfindən Vitkof, Rusiya tərəfindən isə Kiril Dmitriyev danışıqlarda iştirak edib. Yəni Stiv Vitkof dəfələrlə Rusiyada səfərdə olub. Rusiya prezidenti ilə müzakirələr aparıb. Eyni zamanda da Rusiya tərəfindən Kiril Dmitriyev Amerika Birləşmiş Ştatlarına səfərlər edib və müzakirələr aparıblar. Deməli, bu, ondan xəbər verir ki, ABŞ ilə Rusiya arasında artıq dialoq imkanları mövcuddur. Bu dialoqun başlanğıcında tərəflər elə diplomatik əlaqələrin bərpa olunması istiqamətində də addımlar atmaq niyyətlərini nümayiş etdiriblər. Bu baxımdan hesab edirəm ki, bu görüş dünya tərəfindən maraqla qarşılanır. Çünki dünyanın iki böyük dövlətidir. Qlobal səviyyədə geosiyasi vəziyyətə təsir etmək gücündə olan dövlətlərdir. Bu ölkələr dünyanın iki böyük nüvə gücü sayılır. Buna görə, təbii ki, beynəlxalq ictimaiyyət tərəfindən bu görüş diqqətlə izlənilir. Elə ABŞ-də də, Rusiyada da Trampla Putinin görüşü bir tarixi əhəmiyyətli hadisə kimi qiymətləndirilir. Burada, sözsüz ki, sonuncu Putin-Vitkof görüşü çox maraqlıdır. Əsas diqqəti cəlb edən məqam bundan ibarətdir. Vitkofun Moskvada sonuncu görüşü zamanı baş tutan danışıqları, müzakirələri Rusiya tərəfi çox konstruktiv hesab edib. Bunu Rusiya prezidentinin köməkçisi Uşakov da qeyd edib. Eyni zamanda, Xarici İşlər Nazirliyinin də mövqeyi bundan ibarət oldu. Hesab edirəm ki, Alyaska görüşü Rusiya və ABŞ üçün səmərəli ola bilər. Bu görüşü təkcə Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsi perspektivləri kontekstində nəzərdən keçirmək yanlış olardı. Çünki ABŞ ilə Rusiya arasında, düşünmürəm ki, yeganə vacib məsələ məhz bundan ibarətdir. Ən azından, ABŞ-nin davranışlarında biz bunu müşahidə edirik”.
Politoloq qeyd edib ki, ilkin görüşlərdə Kiril Dmitriyevin fəallığı onu göstərir ki, Rusiya ilə ABŞ arasında digər xarakterli əlaqələrin qurulmasında da həm ABŞ-nin, həm də Rusiyanın maraqları mövcuddur:
“Xatırlatmaq yerinə düşərdi ki, elə ilkin görüşlərdə Kiril Dmitriyevin fəallığı müşahidə olunur. Bu onu göstərir ki, Rusiya ilə ABŞ arasında digər xarakterli əlaqələrin qurulmasında da həm ABŞ-nin, həm də Rusiyanın maraqları mövcuddur. Deməli, burada iki əsas xətt izləniləcək. Yəni bugünkü əlamətlər onu qeyd etməyə əsas verir. Birinci, Rusiya-ABŞ arasında dialoqun inkişaf etdirilməsi, təmasların sıxlaşdırılması, əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi və gedən informasiyalar da bu istiqamətdə düşünmək üçün əsasın olduğunu qeyd edir. Hətta Alyaskada mineral faydalı qazıntıların Rusiya ilə birgə işlənməsi ideyasının da ortada olması bu haqda düşüncələri daha da ciddiləşdirir. Digər məqam isə, sözsüz ki, Trampın xüsusi diqqətində saxladığı məsələ Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsidir. Düşünmürəm ki, Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsi istiqamətində ciddi bir qərar qəbul olunsun. Amma müəyyən şərtlər altında atəşkəs rejimi əldə oluna bilər. Yəni Rusiyanın özünün arqumentləri var və sonadək o arqumentləri önə çəkir. Münaqişənin başlamasının ilkin səbəblərinin aradan qaldırılmasını istəyir. Bu ilkin səbəblər ABŞ-yə də, beynəlxalq ictimaiyyətə də bəllidir. Rusiya tərəfi dəfələrlə onu səsləndirib. Onların ilkin səbəblərin aradan qaldırılması şərti ilə hansısa addımları atmağa razı olacağını da bildirir. ABŞ-də sözsüz ki, elə Lavrovun da qeyd etdiyi kimi Rusiyanın mövqeləri haqqında təsəvvürlərə malikdir. Vitkof vasitəsilə Putinlə sonuncu görüşün təfərrüatı da ABŞ-də aydın təsəvvürlər formalaşdırıb. Bundan sonra Tramp Vladimir Putinlə Alyaskada görüşə razılıq verirsə, deməli tərəflər arasında müəyyən razılaşdırılmış elementlər mövcuddur. Sözsüz ki, bu, atəşkəslə bağlı ola bilər. Bundan öncə də Rusiya tərəfi hansısa şərtlər irəli sürmədən hava məkanında atəşkəsə razılıq vermişdi. Amma bu əlamətlər quruda əməliyyatların davam etdiriləcəyini də göstərir. Elə döyüş meydanındakı son proseslər də göstərir ki, hələ münaqişə özünün aktiv fazasındadır. Bu görüşdən hesab edirəm ki, biz Rusiya-ABŞ münasibətlərinin gələcəyi haqqında təsəvvürlər əldə edəcəyik. Çox güman ki, həm ABŞ, həm də Rusiya aralarındakı münasibətlərin inkişaf etdirilməsində və əlaqələrin, əməkdaşlığın qurulmasında maraq nümayiş etdirəcəklər. Bununla bağlı bir yol xəritəsi ola bilər və Rusiya-Ukrayna münaqişəsinin gələcək vəziyyəti haqqında ilkin təsəvvürlər formalaşa bilər”.
Lalə Qurbanlı