Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarında
Azərbaycanın FİFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun oyunlarına təyinat alıblar.
"İnformator.az" qurumun rəsmi saytına istinadla xəbər verir ki, Əliyar Ağayev İspaniyada keçiriləcək “Selta” (İspaniya) – “Yunion” (Belçika) matçını idarə edəcək.
39 yaşlı referiyə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Rauf Cabarov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Elçin Məsiyev isə Belçikada baş tutacaq “Anderlext” (Belçika) – “Zaltsburq” (Avstriya) qarşılaşmasına təyinat alıb.
35 yaşlı hakimə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Nicat İsmayıllı dördüncü hakim olacaq.
Qeyd edək ki, “Anderlext” – “Zaltsburq” görüşü noyabrın 5-də, Bakı vaxtı ilə saat 21:45-də, “Selta” – “Yunion” matçı isə noyabrın 5-dən 6-na keçən gecə saat 00:00-da start götürəcək.