Lukaşenko: ABŞ-nin sülh planının əsas məqamları razılaşdırılıb, top Ukrayna tərəfdədir
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-nin Ukrayna üzrə təklif etdiyi sülh planının əsas müddəalarının artıq razılaşdırıldığını bildirib.O, bu fikri KTMT sammiti zamanı səsləndirib. Lukaşenkonun sözlərinə görə, amerikalılar danışıqlarda “diplomat kimi” davransalar, sülh müqaviləsinin yekunlaşdırılması mümkündür. O əlavə edib ki, hazırda prosesin davam edib-etməməsi Ukraynanın qərarından asılıdır. “Cəbhədəki vəziyyəti nəzərə alsaq, düşünürəm ki, Ukrayna bu müqaviləyə gedəcək. Əks halda ölkəni tamamilə itirmək riski var”, – Belarus lideri vurğulayıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, hər iki tərəfə də ciddi təzyiqlər var:
"Tramp tezliklə sülhə nail olmaq istəyir. Əslində Rusiyaya da, Ukraynaya da sülh və ya atəşkəs hava su kimi lazımdır. Tərəflər döyüşməkdən yorulub, iqtisadi imkanlar azalır. Belə olan halda sülh yeganə çıxış yoludur. Amma sülh üçün uyğun şərtlər olmalıdır. Nə qədər hər iki tərəf üçün də “sülh planı”nda qəbuledilməz məqamlar olsa da, heç kəs buna qarşı çıxa bilmir. O ki qaldı Lukaşenkonun “planın əsas müddəaları artıq razılaşdırılb” deməsinə məncə bir az da gözləmək lazımdır. Sənəd imzalanmadan razılaşma var demək mümkün deyil. Çünki Rusiya Prezidentinin Trampı bir neçə dəfə əmin edib, sonradan əksaddım atdığının dəfələrlə şahidi olmuşuq. Nəzərə alsaq ki, planın baş tutmamasında maraqlı olan kifayət qədər qüvvələr var, hansısa proqnoz verməkdə tələsmək olmaz. Amma əgər Rusiya danışıqları sabotaj etsə, onda Trampın daha sərt sanksiyaları qaçılmaz olacaq. Yox əgər Zelenski danışıqlardan çəkilsə, bu Ukraynanın hərbi-texniki və maliyyə resurslarından məhrum olacağı anlamına gələcək. Belə vəziyyətdə Ukrayna müharibəni müəyyən müddət Avropa İttifaqının dəstəyi ilə davam etdirər, amma müharibədə ustunlük qazana biməz".
Aişə Mustafayeva