Lukaşenko Minskdə ABŞ nümayəndəsi ilə görüşüb
Belarus Prezidenti Aleksandr Lukaşenko şənbə günü Minskdə ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kellogg ilə görüş keçirib. Görüş zamanı Belarus–ABŞ münasibətləri və regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Görüş Müstəqillik Sarayında baş tutub. Lukaşenko Kellogg və onun nümayəndə heyətini səmimi şəkildə salamlayaraq bu səfərin beynəlxalq diqqət mərkəzində olduğunu vurğulayıb. O, açıq dialoqun əhəmiyyətini qeyd edib:
“Ümid edirəm ki, söhbətimiz səmimi və açıq olacaq. Əks halda bu görüşün nə mənası var?” , – deyə Lukaşenko bildirib.
Təqaüddə olan ABŞ generalı Kellogg isə dünyada mövcud təhlükəsizlik risklərini önə çəkərək, eskalasiyanın qarşısını almaq üçün müdriklik və ədalətin vacibliyini vurğulayıb.
Lukaşenko, Belarusun regional sabitliyə sadiqliyini ifadə edərək deyib: “Siz Belarus ərazisində tam təhlükəsiz olacaqsınız və bu müddət ərzində təkcə Belarusda deyil, ətrafımızda da heç bir eskalasiya baş verməyəcək".
Qeyd edək ki, Rusiya ilə yaxın müttəfiq olan Belarus bundan əvvəl Ukrayna və Rusiya arasında sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bəyan edib.
ANEWZ
Gülhüseynova Güllər