00:00:00
Yazar
Səmayə Səftərova
30.10.2026 21:37 28 2 dəq oxuma
Dünya

Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar

Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Kanadanın Avropa İttifaqına assosiativ üzvlüyü üçün xüsusi bir format yaratmağı təklif etdi ki, bu da ikitərəfli münasibətlərin tam üzvlüyə mümkün qədər yaxın bir səviyyəyə çatmasına imkan verəcək, lakin Aİ-yə qoşulmadan.

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, o, bu barədə Monrealda keçirilən Aİ-Kanada sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

"Biz münasibətlərimizi mümkün olan ən yüksək səviyyəyə çatdırmaq istəyirik", – fon der Lyayen deyib.

Onun sözlərinə görə, təklif ittifaqa qoşulmadan assosiativ münasibətlərin qurulmasını nəzərdə tutur. Çünki Aİ-nin mövcud müqavilələri Avropaya aid olmayan dövlətlərin ittifaqa üzv olmasına imkan vermir.

"Üzvlük anlayışını ümumi ambisiya və baxışla əvəz edə bilərik. İndiyədək qurduğumuz bütün tərəfdaşlıqlardan daha çox üzvlüyə yaxın olan sıx əməkdaşlıq yarada bilərik", – Avropa Komissiyasının rəhbəri vurğulayıb.

O, belə əməkdaşlığın üç əsas məqsədini açıqlayıb: hər iki tərəfin vətəndaşları üçün imkanların genişləndirilməsi, Atlantik okeanının hər iki sahilində rifahın artırılması və ümumi təhlükəsizliyin möhkəmləndirilməsi.

Gözlənilir ki, tərəfdaşlıq üç istiqamət üzrə qurulacaq: siyasi dialoq, Aİ proqramlarında iştirak və əməkdaşlığın idarə olunması mexanizmləri.

Fon der Lyayen vurğulayıb ki, mövcud geosiyasi şərait Aİ və Kanadadan daha sıx koordinasiya tələb edir. O qeyd edib ki, bu gün ölkənin coğrafi mövqeyindən daha çox birgə fəaliyyətə və ümumi dəyərləri bölüşməyə hazır olması əhəmiyyət daşıyır.

Qeyd edək ki, fon der Lyayenin təklifi bundan əvvəl Aİ daxilində fikir ayrılığına səbəb olub. Almaniya, Fransa, İtaliya və Yunanıstan sammitin birgə bəyannaməsinə assosiativ üzvlük anlayışının daxil edilməsinə qarşı çıxıblar. Nəticədə bu ifadə yekun sənəddən çıxarılıb və Aİ ilə Kanada arasında "getdikcə daha sıx assosiasiyanın" inkişaf etdirilməsi öhdəliyi ilə əvəzlənib.

#Avropa Komissiyası #Ursula fon der Lyayen
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər