00:00:00
Yazar
Güllər Gülhüseynova
23.04.2026 20:37 19 2 dəq oxuma
Siyasət

Məhəmmədbaqer Qalibaf atəşkəs şərtlərini açıqlayıb

Məhəmmədbaqer Qalibaf atəşkəs üçün şərtlər irəli sürüb. Politoloq isə razılaşmanı real saymır.
Məhəmmədbaqer Qalibaf atəşkəs şərtlərini açıqlayıb

İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf ABŞ ilə mümkün atəşkəs razılaşmasının şərtlərini açıqlayıb. O bildirib ki, tam atəşkəs yalnız dəniz blokadasının aradan qaldırılması və İsrailin hərbi fəaliyyətlərinin dayandırılması halında mümkün ola bilər. Qalibafın sözlərinə görə, atəşkəsin pozulması şəraitində Hörmüz boğazının açılması qeyri-mümkündür və İranın əsas tələbi ölkənin hüquqlarının beynəlxalq səviyyədə tanınmasıdır.

 

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ və İran arasında anlaşmanın əldə olunma ehtimalı demək olar ki, artıq yoxdur:

 

“Böyük ehtimalla atəşkəs mərhələsi iflasa uğrayacaq və vəziyyətin yenidən gərginləşməsi qaçılmaz olacaq. BMT-nin vasitəçilik imkanları isə o qədər də inandırıcı görünmür. Çünki hazırkı şəraitdə bu təşkilatın təsir gücü zəifləyib və qlobal güclər qərar qəbul edərkən onun mövqeyini ciddi şəkildə nəzərə almırlar. Bu da BMT-nin effektivliyinin sual altına düşdüyünü göstərir və gələcəkdə onun ya ciddi islahatlara məruz qalması, ya da rolunun daha da zəifləməsi ehtimalını artırır. Hörmüz boğazı isə dünya iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyan əsas nöqtələrdən biridir. Dünya bazarlarına çıxarılan enerji resurslarının təxminən 20%-i məhz bu marşrut üzərindən daşınır. Bu səbəbdən boğaza nəzarət qlobal təsir imkanlarını ciddi şəkildə artırır. İlkin mərhələdə İran bu alətdən istifadə etməyə çalışaraq Hörmüz boğazını bağladı və bununla dünya ölkələrinin, xüsusilə də Avropanın ABŞ-yə təzyiq göstərəcəyinə ümid etdi. Lakin bu gözləntilər özünü doğrultmadı. Əksinə, vəziyyət İranın əleyhinə dəyişdi. ABŞ bu vəziyyətdən istifadə edərək bölgədə nəzarəti daha da gücləndirdi və faktiki olaraq ikinci blokada mexanizmi formalaşdırdı. Nəticədə Hörmüz boğazının bağlanması İranın özünə qarşı iqtisadi təzyiq vasitəsinə çevrildi. Bu, ölkənin neft ixracını və ümumi ticarət fəaliyyətini ciddi şəkildə məhdudlaşdırdı. Eyni zamanda İranın əsas tərəfdaşlarından biri olan Çin də bu prosesdən zərər görür. Buna görə Çin həm İranın, həm də ABŞ-nin boğazı açmasının tərəfdarı kimi çıxış edir və bu məsələni açıq şəkildə gündəmə gətirir. Hazırda görünən odur ki, Hörmüz boğazı qlobal miqyasda əsas təzyiq və təsir alətlərindən birinə çevrilib. ABŞ bu mexanizm üzərində nəzarəti tədricən gücləndirir ki, bu da İran üçün daha ağır nəticələr yarada bilər. İranın iqtisadi fəaliyyət imkanlarının məhdudlaşması ölkə daxilində sosial-iqtisadi və maliyyə böhranını dərinləşdirə, nəticədə isə siyasi sabitliyə də təsir göstərə bilər. Digər tərəfdən, boğazın uzun müddət bağlı qalması bəzi Qərb ölkələrinin həm İrana, həm də ABŞ-yə təzyiqini artıra bilər. Lakin ABŞ-nin bu təzyiqlərə nə dərəcədə reaksiya verəcəyi qeyri-müəyyəndir. Bu vəziyyət eyni zamanda ABŞ və onun ənənəvi müttəfiqləri arasında müəyyən fikir ayrılıqlarının dərinləşməsi ehtimalını da gündəmə gətirir”.

 

Güllər Gülhüseynova

#Qalibaf #İran #İsrail #siyasət #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər