00:00:00
Yazar
Zəhra Həsənova
29.06.2026 22:22 93 3 dəq oxuma
Sosial

Məleykə Abbaszadə: "İmtahan stresinin əsas səbəbi valideynlərin yüksək gözləntiləridir"

Məleykə Abbaszadə: "İmtahan stresinin əsas səbəbi valideynlərin yüksək gözləntiləridir"

"Biz bu il də sınaq imtahanları təşkil etmişdik. Burada cəmi təxminən beş min nəfər iştirak edib, halbuki ümumilikdə 100 minə yaxın abituriyent var".

 

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında valideyn Zümrüd Hətəmova bildirib ki, valideynlərin təzyiqi abituriyentlərə pis təsir göstərir:

 

“Valideyn övladını başa düşməlidir. Övladının taleyi, gələcəyi və həyatı bu imtahanla bağlı olduğu üçün narahat olmaq təbiidir. Ümidim övladımın yaxşı nəticə göstərərək ali məktəbə daxil olmasıdır. Hər bir valideyn övladının gələcəkdə yaxşı peşəyə sahib olmasını istəyir. Lakin pis nəticə, əlbəttə ki, məni məyus edir. Mən öz istəyim və narahatlığım səbəbindən ona təsir göstərirəm, çünki övladım hələ həyatın məsuliyyətlərini tam dərk etmir”.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil eksperti Afərim Seyidova bildirib ki, bu gün təhsil sahəsində ən çox müzakirə olunan məsələlərdən biri valideynlərin övladlarının gələcəyi ilə bağlı yanlış yanaşmalarıdır:

 

“Bir çox valideyn hələ də düşünür ki, uşağın mütləq ali təhsil alması, yüksək balla prestijli universitetə qəbul olması onun gələcək uğurunun əsas göstəricisidir. Halbuki əmək bazarının reallıqları göstərir ki, uğur yalnız diplom və ya yüksək balla ölçülmür. Valideynlər bəzən uşağın marağını, bacarığını, psixoloji xüsusiyyətlərini və hansı sahəyə meylli olduğunu nəzərə almadan yalnız nəticəyə fokuslanırlar. Əsas məqsəd yüksək bal toplamaq və “yaxşı universitet” adı qazanmaq olur. Bu isə uşağın öz potensialını kəşf etməsinə mane ola bilər. Müasir dövrdə sosial şəbəkələrdə formalaşan “kim neçə bal topladı?” yarışı da bu problemi daha da artırır. Uşaqlar bəzən fərdi xüsusiyyətləri olan şəxs kimi yox, sadəcə bir rəqəm kimi qiymətləndirilir. Əslində isə əmək bazarında insanı fərqləndirən əsas amillərdən biri praktiki biliklər, bacarıqlar, ünsiyyət qabiliyyəti və özünü inkişaf etdirmək potensialıdır. Elə hallar olur ki, yüksək bal toplamış məzun sonradan iş həyatında çətinlik yaşayır, amma daha aşağı balla qəbul olan bir gənc öz üzərində işləyərək uğurlu karyera qurur. Burada peşə təhsilinin rolunu da xüsusi qeyd etmək lazımdır. Yüksək peşə təhsili gənclərə həm konkret ixtisas və praktiki bacarıq qazandırır, həm də gələcəkdə təhsili davam etdirmək imkanı yaradır. Gənc həm sənət sahibi olur, həm də istəsə daha sonra ali təhsil ala bilir. Mən valideynlərə izah etməyə çalışıram ki, əsas məsələ uşağı sadəcə yüksək ballı bir ixtisasa yönəltmək deyil. Əsas olan uşağın özünü tapa biləcəyi, marağına uyğun və gələcəkdə inkişaf edə biləcəyi sahəni seçməsidir. Çünki bəzən valideynin prestijli hesab etdiyi ixtisas əmək bazarında gözlənilən gəliri vermir, amma daha az “prestijli” görünən sahədə insan özünü inkişaf etdirərək daha böyük nəticələr əldə edə bilir. Məsələn, bəzi müəllimlik ixtisaslarının ballarının yüksək olmasının səbəbi həmin sahədə əlavə gəlir imkanlarının olmasıdır. Riyaziyyat müəllimliyi buna nümunədir: abituriyent hazırlığı, müxtəlif beynəlxalq proqramlara hazırlıq və digər fəaliyyətlər nəticəsində bu sahəyə maraq artır. Amma bu o demək deyil ki, digər ixtisasları bitirən insanlar uğur qazana bilməz”.

 

Təhsil ekspertinin sözlərinə görə, kitabxanaçılıq, regionşünaslıq, müxtəlif dillər kimi sahələrdə də insan öz üzərində işləsə, əlavə sertifikatlar qazansa, xarici dil biliklərini inkişaf etdirsə, könüllü proqramlarda iştirak etsə və bacarıqlarını nümayiş etdirə bilsə, əmək bazarında öz yerini tapa bilər:

 

“Burada ən vacib məsələ valideyn maarifləndirilməsidir. Müəllim yalnız fənn öyrədən şəxs deyil, müəyyən mənada psixoloq rolunu da yerinə yetirməlidir. Çünki bəzən uşaq öz marağını, qorxularını və arzularını valideynə deyə bilmir, amma müəllimlə daha rahat ünsiyyət qurur. Müəllim uşağın potensialını daha obyektiv görə bilir və valideynlə bu istiqamətdə işləməlidir. Digər məsələ sınaq imtahanlarında iştirak səviyyəsidir. Abituriyentlərin hamısının Dövlət İmtahan Mərkəzinin sınaqlarında iştirak etməməsinin müxtəlif səbəbləri var. Bir çox kursların öz daxili sınaqları keçirilir və şagirdlər həmin imtahanlara üstünlük verirlər. Regionlarda isə imkanlar daha məhdud ola bilər. Bəzi hallarda isə həm valideyn, həm də müəllim amili rol oynayır. Şagird aşağı nəticə göstərəndə valideynin və ya müəllimin reaksiyasından çəkinə bilər. Bəzi müəllimlər də nəticənin aşağı çıxmasından narahat olaraq şagirdi daim nəzarətdə saxlamağa çalışırlar. Halbuki sınaqların əsas məqsədi uşağın zəif tərəflərini görmək və onları inkişaf etdirməkdir”.

 

Selcan Xudiyeva

#məleykə #valideynlərin #yeni #abbaszadə:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər