00:00:00
Yazar
Admin User
10.09.2025 10:01 141 2 dəq oxuma
Sosial

Müasir dünyada identiklik böhranı

Müasir dünyada identiklik böhranı

Qloballaşma, sosial media və sürətli dəyişən həyat tərzi fərdlərin öz dəyərlərini, məqsədlərini və kimliklərini itirməsinə səbəb ola bilər.

 

Mövzu ilə bağlı psixoloq Zeynəb Əyyubova "İnformator.az"a açıqlamasında bildirib ki, insan bir tərəfdən milli kimliyini qorumağa çalışır, digər tərəfdən isə qlobal mədəniyyətin təsiri altında qalır:

 

"Müasir dövrdə qloballaşma, texnologiyanın sürətli inkişafı və sosial medianın həyatımızın mərkəzinə çevrilməsi fərdlərin identiklik axtarışını daha da mürəkkəbləşdirib. İnsanların kim olduğunu, hansı dəyərlərə bağlı yaşadığını və özünü necə ifadə etməli olduğunu müəyyənləşdirməsi artıq sadəcə ailə və yerli mədəniyyət çərçivəsində deyil, qlobal miqyasda formalaşır. Bu isə bəzən identiklik böhranına gətirib çıxarır. Qloballaşma və mədəni qarışıqlıq, ənənəvi dəyərlər ilə qlobal trendlər arasında ziddiyyət yaranır. İnsan bir tərəfdən milli kimliyini qorumağa çalışır, digər tərəfdən isə qlobal mədəniyyətin təsiri altında qalır. Sosial platformalarda idealizə olunmuş həyatların təqdimi insanlarda müqayisə hissini gücləndirir, real mənliklə virtual imic arasında uçurum yaradır. Peşəkar həyatda, ailə münasibətlərində və ictimai gözləntilərdə artan dəyişikliklər fərdlərin özünü necə təqdim edəcəyinə dair qarışıqlıq yaradır. Əvvəllər sabit olan dini, ailəvi və ictimai dəyərlərin zəifləməsi fərdləri öz kimliklərini müəyyənləşdirməkdə çətinliyə salır. İdentiklik böhranı yaşayan fərdlərdə bir sıra emosional və davranış problemləri müşahidə oluna bilir. Özünü dəyərsiz hiss etmək və həyat məqsədinin itməsini düşünmək, depressiya hallarının artması, sosial təcrid və münasibətlərdə çətinlik, qərarsızlıq və qeyri-sabitlik, peşə seçimi, münasibətlər və şəxsi dəyərlər arasında davamlı tərəddüdü bunlara misal göstərmək olar. Maska effekti, yəni fərd sosial mediada və ictimai həyatda başqa cür görünməyə çalışır, amma daxildə başqa bir mənlik daşıyır. Özünü tanıma və fərdi refleksiya, burdada fərdlər kim olduqlarını, güclü və zəif tərəflərini qəbul etməli, öz dəyərlərini müəyyənləşdirməlidirlər. Mədəni köklərlə bağlılıq, əsasən, qloballaşma şəraitində belə, milli-mədəni dəyərləri qorumaq və şəxsi identikliyi onlarla uzlaşdırmaq sabitliyi yaradır. Sağlam sosial münasibətlər də real həyatda yaxın dostluqlar, ailə bağları və sosial dəstək sistemi insana güvən hissi verir. Sosial medianı məqsədli istifadə etmək, onu özünü ifadə vasitəsinə çevirmək lazımdır, müqayisə vasitəsinə yox. İdentiklik böhranı dərinləşəndə psixoloq və ya psixoterapevt dəstəyi fərdin özünü daha yaxşı tanımasına və sağlam mənlik qurmasına kömək edə bilər. Son olaraq, müasir dünyada identiklik böhranı təbii bir prosesdir, çünki fərdlər sürətli dəyişikliklərə uyğunlaşmağa çalışırlar. Amma əsas məsələ, özünü tanımaq, dəyərlərini müəyyənləşdirmək və qlobal təsirlər arasında balansı qorumaqdır".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər