Müəllimlərin vahid formaya keçirilməsi zərurətdir?
Müəllimlərin geyim tərzi və onların vahid formaya keçidinin zəruriliyi ilə bağlı müxtəlif fikirlər irəli sürülür.
Bəzi təhsil müəssisələri artıq bu istiqamətdə addım ataraq öz daxili qərarları ilə müəllimlərin vahid geyim formasına keçidini təmin edib. Məsələn, Samux rayon Qədili kənd ümumi orta məktəbinin kollektivi artıq vahid formadan istifadə edir. Cəmiyyətdə və təhsil ictimaiyyətində "ölkə miqyasında müəllimlər vahid formaya keçməlidirmi?" sualı ətrafında fərqli yanaşmalar mövcuddur. Kimiləri bunun nizam-intizamı artıracağını düşünür, kimiləri isə fərdi azadlıqların pozulması kimi dəyərləndirir.
Mövzu ilə bağlı təhsil eksperti Çingiz Səfərli açıqlamasında bildirib ki, müəllimlərin məcburi şəkildə vahid formaya keçməsi ilə bağlı hər hansısa bir rəsmi qərar yoxdur:
“Bəzi məktəblərdə bu tip təşəbbüslərin olduğunu görürük ki, bu da pedaqoji şuraların iclaslarında müəllimlərin səs çoxluğu ilə alınmış qərarların nəticəsidir. Vahid forma olsun, ya olmasın, müəllim geyimi ilə cəmiyyətdə bir örnək olmalıdır.
Müəllimin geyimi haqqında ən gözəl fikirləri deyərdim ki, hələ keçən əsrin 60-cı illərində professor Mərdan Muradxanov yazıb. O qeyd edir ki, "müəllim modadan geri qalmamalı, lakin son modanın da bayraqdarı olmamalıdır. Sadə formada, yəni nəyisə xüsusi çarpdırmaq niyyəti olmadan geyinməlidir".
Bəzək əşyalarına gəlincə də, yenə də orta hədd gözlənilməlidir. Bu gün hansısa müəllimə bahalı zinət əşyasının təmtəraqla verilməsi cəmiyyətdə müsbət qəbul edilmədiyi kimi, müəllimin həmin zinət əşyası ilə məktəbə gəlməsi də xoş qarşılanmaz.
Müəllimlər unutmamalıdırlar ki, onlar hələ tam formalaşmamış uşaqlarla, yeniyetmələrlə işləyirlər. Bu peşənin sahibləri digər peşə sahiblərindən fərqli olaraq bütün davranışları, xarici görünüşü, geyimi, bəzəyi ilə çox həssas olan uşaq müşahidəsinin altında çalışırlar. Dünyada uşaq gözündən də daha iti, daha həssas göz yoxdur. Təbii ki, uyğunsuz bir geyimdə məktəbə gələn müəllim şagirdləri qarşısında nüfuzunu itirə bilər”.
Çingiz Səfərli onu da vurğulayıb ki, bu gün təhsilin keyfiyyəti yüksək olan bir sıra ölkələrdə müəllimlərin vahid forma geyindiyi məktəblər var:
“Müəllim cəmiyyətdə ən ali şəxsdir və ən ali hörmətə də layiqdirlər. Çox təəssüf ki, yeri gəldi, gəlmədi hər kəsə "müəllim" deyərək bu sözü bir qədər nüfuzdan salmış, adiləşdirmişik.
Əgər küçədə, ictimai nəqliyyatda, mağazada, hardasa bir müəllim görürüksə ona böyük ehtiram göstərməli və övladlarımızı da bu ruhda tərbiyə etməliyik. Bu baxımdan müəllimi cəmiyyətdə digər peşə sahiblərindən fərqləndirən bir nişanənin olması da yaxşı olardı.
Nəticə olaraq istər vahid forma, istərsə də sərbəst geyim olsun, əsas məsələ müəllimin şəxsiyyəti və nümunəvi mövqeyi ilə şagirdlərə yol göstərməsidir”.
Həlimə Əliyeva
