Müştərək İqtisadi Komissiyasının iclası keçiriləcək
Gələn həftə Tehranda İran-Azərbaycan Müştərək İqtisadi Komissiyasının iclası keçiriləcək.
Mövzu ilə bağlı iqtisadçı Pərviz Heydərov "İnformator.az"a açıqlamasında bildirib ki, İranla Azərbaycanın iqtisadi əməkdaşlığı sahəsində böyük potensial mövcuddur:
"Sona qədər İranla bu cür müştərək layihələrin həyata keçirilməsi, xüsusilə də Zəngəzur dəhlizinin reallaşması, regionun bütün tərəfləri üçün böyük mənfəət vəd edir. Bu, həm İran, həm Azərbaycan, həm də digər ölkələr üçün ciddi dividendlər təmin edə bilər. Burada nəzərdə tutulan azad ticarət və sənaye zonası, logistika limanı və sənaye şəhəri ilk növbədə Azərbaycanın qeyri-neft sektorunun inkişafı üçün mühüm imkanlar açacaq, əlavə gəlir gətirəcək və yeni perspektivlər yaradacaq. Eyni zamanda, Azərbaycanın Asiya ilə Avropa, şimal ilə cənub arasında tranzit ölkə rolu baxımından bu cür azad iqtisadi və ticarət zonalarının yaradılması əlavə stimul olacaq. İranla Azərbaycanın iqtisadi əməkdaşlığı sahəsində böyük potensial mövcuddur. Lakin bütün imkanlardan tam istifadə edilmir. Bunun da əsas səbəbi müəyyən siyasi dairələrin ambisiyaları və siyasi amillərin yaratdığı maneələrdir. Əslində, hər iki ölkə arasında iqtisadi əməkdaşlıq tam şəkildə inkişaf etsə, həm Azərbaycan, həm İran, həm də bütövlükdə region böyük iqtisadi fayda əldə edə bilər".
Xədicə Məhərrəmli