00:00:00
Yazar
Admin User
16.10.2025 17:52 111 3 dəq oxuma
Siyasət

“ Macarıstan uzun müddətdir ki,…..”

“ Macarıstan uzun müddətdir ki,…..”

Macarıstanın Baş naziri Viktor Orban açıqlama verərək bildirib ki, hökumət Avropa İttifaqının qəbul etdiyi qərarlarda ölkənin və macar şirkətlərinin maraqlarını qorumaqda israrlıdır. Onun sözlərinə görə, milli maraqlardan imtina etmək hökumətin siyasətinə ziddir və Macarıstan heç bir halda öz iqtisadi müstəqilliyini risk altına atmayacaq.

 

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, Orbanın bu bəyanatı Macarıstanla Avropa İttifaqı arasında onsuz da mövcud olan fikir ayrılıqlarını daha da dərinləşdirə bilər:


“Macarıstan uzun müddətdir ki, Avropa İttifaqının bir sıra qərarlarına qarşı ehtiyatlı mövqe tutur. Xüsusilə enerji, sanksiyalar və investisiya siyasəti sahəsində Budapeşt Brüsselin ortaq qərarlarını dəstəkləməkdən çəkinir. Orban hökuməti hesab edir ki, Avropa İttifaqının qərarları bəzən milli iqtisadi maraqlara uyğun gəlmir. Bu isə təbii olaraq münasibətlərdə gərginliyə gətirib çıxarır. Məsələn, Rusiya ilə enerji əməkdaşlığının davam etdirilməsi, Avropa Komissiyasının tənqidinə baxmayaraq, Orbanın prioritet istiqamətlərindən biridir. Bu siyasət qısamüddətli dövrdə ölkənin iqtisadi maraqlarını qoruya bilər, lakin uzunmüddətli baxımdan Aİ ilə əlaqələrdə etimadsızlıq mühiti yaradır. Bu siyasət Macarıstanın digər Avropa ölkələri ilə əlaqələrinə də müəyyən dərəcədə təsir göstərə bilər, amma köklü dəyişiklik yaratmayacaq. Avropa İttifaqı daxilində vahid qərarların qəbul edilməsi bütün üzv dövlətlər üçün əsas prinsipdir. Heç bir üzv ölkə tam şəkildə bu qaydalardan kənara çıxa bilməz. Macarıstanın fərqli mövqe tutması müəyyən siyasi müzakirələrə səbəb ola bilər, amma iqtisadi əməkdaşlıq və təhlükəsizlik məsələlərində ortaq maraqlar tərəfləri əməkdaşlığa məcbur edir. Avropa ölkələri başa düşürlər ki, birliyin parçalanması heç kimə sərf etmir. Ona görə də diplomatiya və qarşılıqlı etimad mexanizmləri ilə fikir ayrılıqları aradan qaldırılmağa çalışılır".

 

Həmçinin şərhçi qeyd edib ki, Orbanın milli maraqları önə çıxarması ölkə daxilində həm də siyasi məqsədlər daşıyır:

 

"Orban hökuməti son illərdə Rusiya ilə yaxın münasibətlərinə görə daxildə və xaricdə tənqid olunur. Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını dəstəkləməməsi bir çox macar vətəndaşlardan narazılıqla qarşılanır. Çünki əhali Avropa ilə inteqrasiyanı daha etibarlı və sabit yol hesab edir. Buna baxmayaraq, Orban milli maraqları qorumaq şüarı ilə daxili auditoriyaya mesaj verir və bu yolla seçki öncəsi reytinqini saxlamağa çalışır. Macarıstanda bir çoxları bu siyasəti populist addım kimi qiymətləndirir, lakin hökumət bununla iqtisadi müstəqilliyi qorumaq istədiyini bildirir. Digər tərəfdən, Orbanın bu çıxışları bir növ siyasi balans yaratmaq cəhdidir. Həm Avropa ilə əlaqələri tam qoparmamaq, həm də daxildə müstəqil siyasət yürüdən lider imicini saxlamaq. Yaxın gələcəkdə Macarıstan və Aİ münasibətləri diplomatik dialoq üzərindən davam edəcək. Hazırkı mərhələdə tərəflər bir-birinə qarşı açıq qarşıdurmadan qaçmağa çalışır. Avropa İttifaqı da başa düşür ki, Orban hökumətini təcrid etmək birliyin daxilində parçalanma yarada bilər. Ona görə, qarşıdakı illərdə kompromis axtarışları davam edəcək. Lakin Orbanın milli maraqları önə çıxarma siyasəti davam etdikcə Brüssellə münasibətlərdə gərginlik tam aradan qalxmayacaq”.

 

Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər