"Made in Azerbaijan"
Yerli brendlər müxtəlif sahələrdə məhsullar istehsal edir. "Made in Azerbaijan" etiketi ilə istehsal olunan məhsullar isə həmiçinin bizim milli kimliyimizidə əks etdirir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, rəqabət qabiliyyətli məhsul istehsal olmalıdır ki, biz onun satışı haqqında düşünək:
"Yerli brendlərin təbliği həm vətəndaşlarımızı yerli məhsulları almağa sövq edəcək, həm də ixracına dəstək verməklə ölkənin ixrac gəlirlərinin artmasına şərait yaradacaq. Daxili bazarda onların satışı çoxalsa, idxalı əvəzləmə prosesi gedəcək. Yəni hər tərəfdən bir istehsalın artması ölkəmiz üçün xeyirlidir. Xüsusən bunun əhəmiyyəti iqtisadi baxımdandır. İqtisadiyyat onun üzərində qurulub.
Ölkə istehsal edib nəyisə öz əhaləsinə satmalıdır. Qalanı isə xaricə satmalıdır ki, iş yerləri olsun, vergilər ödənsin, çarx fırlansın.
Yerli brendlər çox məhduddur. Bir yerli brendimiz var, amma onun altından çıxan məhsullar çox məhduddur. Təəssüf ki, ölkədə qeyri-neft sektoru düzgün inkişaf etməyib.
Rəqabət qabiliyyətli məhsul istehsal olmalıdır ki, biz onun satışı haqqında düşünək.
Özəl sektorun inkişafı üçün geniş şərait yaradılmalıdır. Maneə olan bütün problemlər aradan qalxmalıdır. Yerli brend adı altında istehsal edilən məhsulların keyfiyyətli, rəqabətli istehsalı üçün şərait yaradılmalıdır. Əsas məqam da məhz budur.
Ölkənin ixrac gəlirlərindən görürük ki, bunun 90% neft, qazdır. Yerdə qalan hissəsi də əsasən kənd təsərrüfatı məhsullarıdır ki, MDB ölkələrinə ixrac olunur.
Qeyri-enerji ixrac gəlirlərinin strukturu, ancaq meyvə-tərəvəzlə, qızıl əmtəəsi ilə, pambıq əmtəəsi ilə yekunlaşır. Çox nadir hazır məhsul var ki, öz brendimizin uğurundan danışırıq".
Samirə Allahverdizadə
