Maduro “kompleks müdafiə” qanununu imzalayıb
Venesuela Prezidenti Nikolas Maduro parlament tərəfindən qəbul edilən “Kompleks müdafiə üzrə komandanlıq haqqında” qanunu imzalayıb.
Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımlı bildirib ki, hal- hazırda Venesuela və ABŞ arasında münasibətlər olduqca gərgindir və Donald Tramp Maduronu faktiki olaraq narkokarterlərlə əməkdaşlıqda və Amerikaya bu zəhərli maddələrin transferində ittiham edir:
“Venesuela ilə sərhədlərinə donanma göndərir. Venesuelaya aid olan bəzi gəmilər Karib dənizində də vurularaq sıradan çıxarılıb. ABŞ-nin niyyəti Venesuelada hakimiyyəti dəyişmək və özünə daha yaxın siyasi qüvvənin hakimiyyətə gətirilməsinə nail olmaqdır. Şübhəsiz ki, Latın Amerikasında narkokarterlər Amerika üçün müəyyən təhdidlər yaradırlar. Məhz burada istehsal olunan narkotik vasitələr ABŞ-yə daşınaraq orada narkomanlığın səviyyəsini yüksəldir ki, bu da Amerikanın dövlət təhlükəsizliyi üçün kifayət qədər ciddi təhlükə yaradır. Tramp həm də bunun qarşısını almaq istəyir. O ki qaldı Maduronun imzaladığı kompleks müdafiə qanununa bu onunla əlaqədardır ki, Maduro həm Venesuelanın suverenliyini, həm də öz hakimiyyətini qorumağa çalışır. Bu qanun əslində hakimiyyətə əlavə səlahiyyətlər verəcək ki, müəyyən məsələlərdə operativ qərarlar qəbul olunsun. Venesuelanın hədəfə gəlməsinin əsas səbəblərindən biri bu ölkənin keçmiş prezidenti Uqo Çaves dövründən Venesuelanın Rusiya, İran və Çinlə aktiv əməkdaşlıq etməsidir. Məhz bu da Latın Amerikasında qeyd etdiyim ölkələrin rollarının və nüfuz dairələrinin yaranıb güclənməsinə gətirib çıxarır ki, bu, ABŞ-nin strategiyasına qətiyyən cavab vermir.
Əlbəttə ki, kompleks müdafiə qanunu o deməkdir ki, bundan sonra Venesuela əlavə olaraq müdafiə istiqamətində hərbi xərcləri də artıracaq, bu da büdcə üçün əlavə yüklər deməkdir. Dünyanın ən zəngin neft və enerji yataqlarına malik olan Venesuelada bu gəlirlərdən faydalanmaq imkanları çox yüksək deyil, tətbiq olunmuş sanksiyalar var və bütün bu zənginliklərə baxmayaraq Venesuela dünyada həyat şəraiti aşağı olan ölkələrdən biri statusundadır. Məhz bundan sonrakı dönəmdə də hesab edirəm ki, bu qanunun qəbulu ilə hərbi yükün artması büdcənin əlavə yüklənməsi, sosial-iqtisadi vəziyyətin rifahının zəifləməsinə gətirəcək addımdır. Amma bu, büdcə xərclərini artırıb iqtisadi vəziyyəti çətinləşdirsə də, Maduro hakimiyyəti yaxın perspektivdə Venesuelanın suverenliyi və mövcud hakimiyyətin ömrünün uzadılmasına hesablanan addım atmağı hədəfləyir”.
Səadət Əlizadə
