Maduronun vəkili "Məhkəmə çəkişmələrinin ulduzu"dur
Qaçırılan Venesuela prezidenti Nikolas Maduronun maraqlarını təmsil edən vəkil Barri Pollak "Məhkəmə çəkişmələrinin ulduzu" peşəkar hüquq mükafatının sahibidir.
Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, Nikolas Maduronun müdafiəsini öz üzərinə götürən və ABŞ-də “məhkəmə çəkişmələrinin ulduzu” kimi tanınan Barri Pollakın prosesə qoşulması siyasi fonu daha da gərginləşdirir:
“Onun Assanj, Manning kimi yüksək profilli işlərdə qazandığı təcrübə Vaşinqtonun hüquqi arqumentlərini çətinləşdirə bilər. Lakin bu, ABŞ və Qərb ölkələrinin mövqeyinin yumşalacağı anlamına gəlmir. Əksinə, Maduro məsələsi artıq təkcə hüquqi prosedur deyil, regionda nüfuz uğrunda rəqabətin bir parçasıdır. Buna görə də Qərb dövlətlərinin siyasi xətti daha kəskin və ardıcıl ola bilər və Pollakın müdafiəsi nə qədər güclü olsa da, ABŞ-nin Latın Amerikası strategiyasında geriyə addım ehtimalı çox aşağı görünür. Bununla belə, Pollakın beynəlxalq hüquq müstəvisində tanınması prosesin gedişinə müəyyən təsir göstərə bilər. Çünki yüksək səviyyəli müdafiə hüquqi təzyiqin artmasına, medianın diqqətinin genişlənməsinə və prosesin sırf “ictimai rəy komponenti”nin güclənməsinə səbəb olacaq. Bu fonda hüquqi mübarizənin siyasi mübarizəni tam üstələməsi real görünməsə də, hüquqi arqumentlərin güclənməsi Vaşinqtonun addımlarının daha çox əsaslandırılmasını tələb edə bilər. Başqa sözlə, Pollakın iştirakı Maduronun taleyini kökündən dəyişmək gücündə olmasa da, ABŞ-nin bu prosesi tam istədiyi kimi idarə etməsini çətinləşdirən elementə çevrilə bilər”.
Səadət Əlizadə
