Makron: Ölkələr Fələstinin tanınması ideyası ətrafında birləşdirməyi planlaşdırır
Fransa Prezidenti Emmanuel Makronun BMT Baş Assambleyasında bəzi ölkələri Fələstinin tanınması ideyası ətrafında birləşdirməyi planlaşdırması, Fələstin məsələsində beynəlxalq dəstəyin artmasına səbəb ola bilər.
Məsələ ilə bağlı politoloq Züriyə Qarayeva "informator.az"a açıqlamasında bildirib ki, belə bir təşəbbüs Avropa İttifaqı daxilində mövcud parçalanmanı yumşaldaraq daha çox ölkəni eyni mövqedə toplama potensialına malikdir:
" Əgər Fransa kimi böyük dövlət bu istiqamətdə liderlik göstərərsə, digər Avropa ölkələrinin də mövqelərini dəyişməsi mümkündür. Bu isə Fələstin dövlətçiliyinin legitimliyini gücləndirə və beynəlxalq müstəvidə yeni tanınma dalğası yarada bilər. Digər tərəfdən, belə bir addım İsrail–Fransa münasibətlərini gərginləşdirə bilər. İsrail Fələstinin tanınmasına dair təşəbbüsləri öz təhlükəsizliyinə təhdid kimi qəbul edir və Fransa ilə əməkdaşlıqda soyuqluq yarana bilər. Bu, həm ikitərəfli diplomatik əlaqələrdə, həm də regional məsələlərdə koordinasiyaya mənfi təsir göstərə bilər. Lakin Fransa üçün əsas prioritet beynəlxalq hüquqa əsaslanan sülh prosesini təşviq etmək olduğundan, Paris mümkün siyasi gərginliyi nəzərə alaraq balanslı mövqe saxlamağa çalışacaq".
Həmçinin ekspert vurğulayır ki, Fələstinin tanınması təşəbbüsü Avropada daxili siyasi müzakirələri də gücləndirə bilər:
" Bir sıra ölkələrdə bu məsələ parlament və ictimaiyyət arasında geniş debatlara səbəb ola bilər. Qeyri-bərabər mövqelər Aİ daxilində konsensus yaratmağı çətinləşdirəcək. Xüsusilə, ABŞ ilə strateji əlaqələrə üstünlük verən ölkələr Fələstinin tanınmasına ehtiyatla yanaşa bilər. Buna baxmayaraq, Makronun təşəbbüsü Avropada Yaxın Şərq siyasətinin yenidən formalaşması prosesini sürətləndirə bilər ".
Salahova Gülcan
