Makron Suriyaya gedir: Fransa-Suriya münasibətlərində yeni mərhələ
Fransa Prezidenti Emmanuel Makron ikitərəfli əlaqələrin gücləndirilməsi və regional məsələlərin müzakirəsi məqsədilə Suriyaya səfər edəcək. Onu investorlar və Fransa şirkətlərinin nümayəndələrindən ibarət nümayəndə heyəti müşayiət edəcək. Bu səfər 2024-cü ilin sonunda Suriyada baş verən hakimiyyət dəyişikliyindən sonra ölkəyə gələn ilk Qərb liderinin səfəri olacaq.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Fransa mandat sisteminin ləğvindən sonra da bu regionlara marağını qoruyub saxlayıb:
“İstər Livanda, istərsə də Suriyada Fransa hər zaman güclü maraqlara malik olub. Məhz bu səbəbdən rəsmi Paris Suriyanın yenidən qurulması prosesində aktiv iştirak etməyə can atır. Fransa bu prosesdə fəal rol oynamaq, Suriyanın iqtisadiyyatına ciddi investisiyalar yatırmaq niyyətindədir. Başqa sözlə, Fransa Suriyanın bərpası vasitəsilə regionda iqtisadi mövcudluğunu gücləndirməyə çalışır. Hazırkı mərhələdə Fransanın siyasəti əsasən Suriyaya investisiyaların qoyulmasına yönəlib və Emmanuel Makronun bu ölkəyə səfəri də rəsmi Parisin mövqeyini açıq şəkildə ortaya qoyur. Əvvəllər Fransa Yaxın Şərqdəki siyasi xəttini əsasən Livan üzərindən həyata keçirib. Lakin hazırda Livanda dövlətçilik institutları xeyli zəifləyib və hökuməti dəstəkləmək məsələsində İsrail və ABŞ-lə toqquşma ehtimalları mövcuddur. Bu baxımdan Fransa üçün ən optimal variant Suriyada möhkəmlənmək və hazırkı rəhbərlik ilə anlaşaraq Yaxın Şərqdə öz siyasətini daha rahat həyata keçirməkdir. Fransa bu prosesdə iqtisadi qazanc da əldə etməyi hədəfləyir. Buraya böyük şəhərlərin bərpası və tikintisi, investisiyaların cəlbi, həmçinin fransız qüvvələrinin-hərbi mövcudluq da daxil olmaqla-regionda yerləşdirilməsi daxildir. Bütün bunlar gələcəkdə regionun geosiyasi mənzərəsini Fransanın xeyrinə dəyişmək məqsədi daşıyır. Avropa İttifaqı indiyədək Yaxın Şərq siyasətini düzgün müəyyənləşdirə bilməyib və bu, Aİ-nin ən böyük strateji səhvlərindən biridir. Qaynar proseslərin fonunda Avropa İttifaqı ardıcıl və effektiv mövqe ortaya qoya bilmədiyi üçün bölgədə yaranan boşluğu doldura bilmədi. Nəticədə bu boşluqdan İran, Rusiya və son dövrlərdə Çin istifadə edərək Yaxın Şərqdə təsir imkanlarını xeyli gücləndirdilər”.
Mələk Hüseynova