Makrondan Tramp-Putin görüşünə reaksiya
ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında keçiriləcək görüşdə danışıqlar masası arxasında Ukrayna və Avropadan olan nümayəndələrin olacağı gözlənir.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva "İnformator.az"a açıqlamasında bildirib ki, Emmanuel Makronun Tramp–Putin görüşünə reaksiyası əslində Avropa İttifaqının ortaq narahatlığını əks etdirir, lakin o, bu mövzuda daha sərt və praqmatik mövqedədir:
"Paris hesab edir ki, Vaşinqton və Moskva arasında yaxınlaşma Avropanın təhlükəsizlik arxitekturasına təsir göstərə bilər. Makronun ritorikasında həm NATO çərçivəsində balans qorumaq, həm də Avropanın öz təhlükəsizlik avtonomiyasını gücləndirmək istəyi açıq görünür. Bu mənada, onun açıqlaması Brüsselin ümumi xəttinə uyğun olsa da, Fransanın “strateji muxtariyyət” ideyasını ön plana çəkən fərdi yanaşma kimi də qiymətləndirilir. Tramp–Putin görüşü Avropa diplomatiyasında müəyyən balans dəyişikliklərinə gətirib çıxara bilər. ABŞ və Rusiya arasında hər hansı yaxınlaşma Avropa dövlətlərinin, xüsusilə də Şərqi Avropa ölkələrinin təhlükəsizlik narahatlıqlarını artıra bilər. Avropa Birliyi bu vəziyyətdə həm enerji asılılığını, həm də müdafiə siyasətini yenidən nəzərdən keçirməyə məcbur qala bilər. Bu fonda Fransa və Almaniyanın diplomatik fəallığının artması mümkündür. Avropa artıq Vaşinqtonun hər qərarına tam bağlı qalmamaq, öz təhlükəsizlik və diplomatik manevr imkanlarını genişləndirmək istəyir.Bu görüş Ukrayna məsələsində yeni siyasi xəttin başlanğıcı ola bilər. Tramp administrasiyasının prioritetləri dəyişdiyi üçün Kiyevə dəstəyin səviyyəsi yenidən tənzimlənə bilər. Əgər Tramp Putinə güzəştli mövqe nümayiş etdirərsə, bu, Ukrayna üçün diplomatik təzyiqlərin artması deməkdir. Rusiya tərəfi isə belə bir görüşdən maksimum siyasi dividendlər qazanmağa çalışacaq. Qərb içərisində fikir ayrılıqları dərinləşərsə, bu, həm NATO-nun, həm də Avropa İttifaqının mövqelərinə təsirsiz ötüşməz. Görünür ki, bu danışıqlar təkcə iki liderin deyil, bütövlükdə beynəlxalq güc balansının növbəti mərhələsini müəyyənləşdirəcək”.
Günel Əlili
