Makrondan Trampa çağırış
Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampı qlobal idxal tariflərinin tətbiqinə dair qərarını geri çəkməyə çağırıb.
Mövzu ilə əlaqədar politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin yeni tariflər tətbiq etməsi qlobal məkanda problemlər yaradır:
“Xüsusilə də, Tramp Administrasiyasının yeni tariflər siyasəti bir çox ölkələrin ticari maraqlarına ağır zərbələr vurmaqdadır. Hətta Fransa da sarsıdıcı zərbələr almaqdadır. Bu səbəbdən də dünyanın bir çox ölkələri Tramp administrasiyasının yeni rüsumlar tətbiq etməsindən ciddi şəkildə narahat olduqlarını bildiriblər və bu məsələnin müzakirə edilməsini təklif edirlər. Lakin Ağ ev hələki bu məsələdə prinsipal mövqe tutur. İndiki rüsumların yüksəldilməsi siyasətini davam etdirmək niyyətindədir. Həm də, ABŞ-nin bu addımılarına cavab reaksiyası göstərən ölkələrə münasibətdə ABŞ rüsumları daha da artırmaqla təhdid edir. Bu proses artıq nəzarətdən çıxmaq üzərədir”.
Ekspertin sözlərinə görə, Fransa bu rüsumların artmasında daha çox zərər çəkir:
“Çünki Fransanın iqtisadiyyatı Afrikadakı ucuz xammalın sayəsində ayaqda dururdu. Hazırda isə Fransa iqtisadiyyatı böhran vəziyyətindədir. Bu səbəbdən prezident Makron ABŞ ilə bu məsələni müzakirə etməyi tələb edir. Lakin bu məsələnin müzakirə ilə həll olunacağı düşünülmür”.
Asiman Vəliyeva