Malavidə qasırğada həlak olanların sayı artır
“Freddi” qasırğasının vurduğu Malavidə 1000 nəfər həlak olub.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Afrikanın cənub-şərq sahillərini təsiri altına alan Freddi qasırğasına görə Malavidə ölənlərin sayı 1000-ə çatıb.
Ümumdünya Meteorologiya Təşkilatı fevral ayında başlayan və bir aydan çox davam edən Freddinin tarixin ən uzun sürən qasırğası ola biləcəyini açıqlayıb. Mozambikdə qasırğa nəticəsində 70-ə yaxın adam ölüb.
Malavi prezidenti Lazarus Çakvera da qasırğanın yaratdığı dağıntılar və ölənlərin sayı barədə mətbuata məlumat verib.
Hazırda qasırğaya görə yarım milyondan çox insanın evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilib.
İqlim dəyişikliyinin yaratdığı dağıntılar nəticəsində evlər, körpülər, məktəblər və müəssisələr dağılıb, yollar, elektrik xətləri və əkin sahələrinə ciddi ziyan dəyib. Ölkədə tütün bazarı mövsümünün gəldiyinə diqqət çəkən Çakvera qasırğa səbəbiylə məhsul götürə bilmədiklərini, iqtisadi fəaliyyətə də ciddi ziyan dəydiyini vurğulayıb.
Nəzrin Məşədiyeva
