Marta Kos: Ermənistan Azərbaycanla sülh sazişi ilə çox şeyə nail olub
Marta Kosun “Ermənistan Azərbaycanla sülh sazişi ilə çox şeyə nail olub” açıqlaması əslində Cənubi Qafqazda yaranmış yeni reallığın təsdiqidir.
Məsələ ilə bağlı politoloq Tural İsmayılov "informator.az"a açıqlamasında bildiirib ki, birinci növbədə sülh sazişi bölgədə uzun illər davam edən müharibə təhlükəsini minimuma endirib:
" Azərbaycan öz suverenliyini tam bərpa etməklə regionun siyasi gündəmini dəyişib.
Ermənistan isə artıq münaqişə ritorikasını dayandırmaq məcburiyyətində qalıb.
Marta Kosun “çox şeyə nail olmaq” dediyi məqamlar ilk növbədə kommunikasiyaların açılması, iqtisadi inteqrasiyanın mümkünlüyü və sərhədin sabitləşməsidir. Eyni zamanda, Ermənistan Avropa ilə əlaqələrini gücləndirmək üçün yeni diplomatik fürsətlər əldə edir".
Həmçinin ekspert vurğulayır ki, Azərbaycan isə qalib tərəf olaraq regional liderlik statusunu möhkəmləndirir:
"Sülh sazişi hər iki ölkənin daxili siyasətinə də fərqli təsir göstərib. Ermənistanda Paşinyanın mövqeyi həm tənqid olunur, həm də dəstəklənir, amma nəticədə reallıq qəbul edilir. Azərbaycanda isə Prezident İlham Əliyevin apardığı siyasətin düzgünlüyü bir daha sübuta yetirilib.
Qarabağ məsələsində artıq Azərbaycanın tam suverenliyi beynəlxalq aləmdə qəbul olunub.
Bu, Azərbaycan üçün həm siyasi, həm də hüquqi zəfərdir. Sərhəd məsələlərində yeni imkanlar isə delimitasiya və demarkasiya prosesində ortaya çıxır.
Azərbaycan bu prosesi beynəlxalq hüquqa əsaslanaraq aparır və bu, regionda davamlı sabitliyin təməlini qoyur.
Əlavə olaraq, Azərbaycan üçün Zəngəzur dəhlizi məsələsi gündəmə gəlir ki, bu da ölkənin geoiqtisadi rolunu artırır.
Ermənistan isə bu dəhlizdən faydalanmaqla öz izoliyasiyasını qırmaq şansı qazanır. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, sülh yalnız real nəticələr üzərində qurulmalıdır. Nəticə etibarilə, sülh sazişi Azərbaycanın regional hegemon mövqeyini gücləndirib və bölgədə oyun qaydalarını Bakı müəyyənləşdirir.
Bu, həm tarixi qələbənin, həm də ardıcıl diplomatik siyasətin məntiqi nəticəsidir.
Gülcan Salahova