MASK "STARLİNK"Ə GÖRƏ NİYƏ NARAHATDIR?
“Speys X” şirkətinin rəhbəri İlon Mask "Starlink" şəbəkəsinin Ukraynadakı mövcudluğundan narahat olmağa başlayıb. Hətta bir müddət əvvəl ortaya atılan iddialarda Maskın peyklərin fəaliyyətini gizlin formada dayandırdığı ortaya çıxmışdı. Son olaraq isə Mask peyk şəbəkəsinin müəyyən miqdarda avadanlıq və xidmətlərini Pentaqonun nəzarətinə verib. Maraqlıdır, İlon Maskın "Starlink"lə bağlı narahatlığı nədir? "Starlink" internetinin müharibədə Ukraynaya faydaları nələrdir?
İlon Mask “Starlink” peyk şəbəkəsinin Ukraynada istifadəsindən narahatdır. İddialara görə, ötən il Mask bir neçə dəfə mühəndislərinə peykin fəaliyyətini gizli şəkildə dayandırmağı əmr edib. Son olaraq isə İlon Mask “Starlink” peyk şəbəkəsinin müəyyən miqdarda avadanlıq və xidmətlərini Pentaqonun nəzarətinə verib. “Vaşinqton Post” nəşrinin verdiyi məlumata görə, Mask bu yolla Rusiyanın Ukraynaya hücumundan qorxaraq özünü uzaqlaşdırmaq istəyib. Çünki o, nüvə müharibəsinin yaranmasına səbəb olmaq istəmir. "Mən niyə bu müharibədəyəm? “Starlink”i yaratdım ki, insanlar istirahət edə, “Netflix”də filmlərə baxa və video oyunlar oynaya bilsinlər. Lakin bunun əski baş verdi. Mən nüvə müharibəsinə səbəb ola biləcək bir şey yaratmaq istəmədim".
İlon Maskın "Starlink"-lə bağlı narahatlığı başa düşüləndir. Çünki Ukrayna ilk başlarda peyk şəbəkəsindən sadəcə kiberblokadadan çıxmaq üçün istifadə edirdi. Belə ki, Rusiya Ukraynada kommunikasiya xətlərinə zərər verir, internet və mobil xidmətləri bağlayır. Bu isə Kiyevi, xüsusilə işğal edilmiş bölgələri dünyadan təcrid edir. Amma "Starlink” peyk xidməti Ukrayna bölgəsində aktiv edildikdən sonra əlaqələr tam olaraq bərpa edilməsə də, ərazilər nisbətən kiberblokada vəziyyətindən çıxarılıb. Lakin Ukrayna bir müddət sonra "Starlink"dən döyüş əməliyyatlarında da istifadə etməyə başlayıb. Belə ki, peykin ötürdüyü siqnallar sıradan radio dalğaları kimi əngəllənə bilmir. Bu isə əsgərlərin mərkəzlə daha stabil, etibarlı əlaqə qurmasına və Kiyevin müdafiə xarakterli əməliyyatlarda xüsusi üstünlük qazanmasına səbəb olub.
Ekspert Frank Ledviçin sözlərinə görə, "Starlink" mərkəzi əlaqə baxımından, eləcə də kəşfiyyat baxımından çox vacibdir. Yəni istifadə edən tərəf bütün hücamları, topçu hücumu, dron hücumu və digərlərini rahatlıqla görə və əngəlləyə bilir. Bu tərz bir sistem olmadan günümüzdə hər hansı müharibəni qazanmaq çətin olardı.
"Starlink" şəbəkəsinin Ukraynada sözügedən formalarda istifadə edilməsi isə İlon Maskın narahatlığına səbəb olub. Onun fikrincə, Rusiya müharibəni bu sistemə görə uduzsa, nüvə silahından istifadə edə bilər və Pentaqon bunun qarşısını müəyyən qədər almaq gücündədir.
