Məcnun Məmmədov Şərurda vətəndaşları qəbul edib
Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şərur rayon icra hakimiyyətinin inzibati binasında Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
"İnformator.az" bu barədə nazirliyə istinadən xəbər verir.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciəti əsasən əkin sahələrinin təsərrüfat suyu ilə təmin olunması, torpaq sahələrinin icarəyə verilməsi, işlə təminat, kənd təsərrüfatı texnikasının lizinq yolu ilə əldə olunması, damazlıq heyvanların lizinqi və digər məsələlərlə bağlı olub. M.Məmmədov qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.