"Mediada Azərbaycan dili" proqramının yekun mərhələsi keçirildi
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi keçirildi.
Tədbirin açılışında Teleradio Akademiyasının rektoru Almaz Mahmud layihənin əhəmiyyətindən danışdı. O bildirdi ki, proqram çərçivəsində keçirilən təlimlərin nəticələri əsasında kitab nəşr olunacaq. Daha sonra söz layihənin fokus qrupunun rəhbəri Aynur Nəsirovaya verildi.
Aynur Nəsirova çıxışında təlimlərin mühüm nəticələr verdiyini vurğuladı. Müzakirələr nəticəsində hazırlanacaq kitab media nümayəndələri üçün faydalı mənbəyə çevriləcək və jurnalistlərin stolüstü vəsaiti olacağını qeyd etdi.
“Jurnalistlərin bir çox irad və təklifləri var. Onlar mövcud problemlərin həll yollarını öyrənmək istəyirlər. Dilçi alimlərin dəstəyi ilə sözlərin düzgün tələffüz formalarını müəyyənləşdirərək gələcəkdə hazırlayacağımız lüğətə daxil etməyi planlaşdırırıq”, – deyə Aynur Nəsirova bildirdi.
O, həmçinin jurnalistlər arasında tələffüz problemlərinin hələ də müşahidə olunduğunu qeyd edərək bu istiqamətdə maarifləndirmə işlərinin davam etdirilməsinin vacibliyini vurğuladı.
Müzakirələrdə iştirak edən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli bildirdi ki, hazırda Azərbaycan dilinin fundamental orfoepik lüğətinin hazırlanması istiqamətində işlər aparılır. O qeyd etdi ki, dialektlər dilin zənginləşməsində mühüm rol oynasa da, bu, onların ədəbi dil normalarına uyğun olmayan formada danışığa gətirilməsi demək deyil.
“Yazı mədəniyyəti ilə danışıq mədəniyyəti bir-birini tamamlamalıdır. Hazırda orfoqrafiya lüğəti üzərində işləyirik. Jurnalistlərin söz bazası isə dilçilərdən fərqlənir və daha spesifik xarakter daşıyır”, – deyə Nadir Məmmədli vurğuladı.
Teletənqiçdçi, əməkdar jurnalist Qulu Məhərrəmli çıxışında norma və qaydaların əsas meyar olduğunu bildirdi. O qeyd etdi ki, mövcud orfoepiya normaları müəyyən qədər köhnəlib və yenilənməsinə ehtiyac var.
Professor Əziz Əfəndizadənin xidmətlərini xüsusi qeyd edən Qulu Məhərrəmli onun orfoqrafiya ilə orfoepiya arasında mühüm körpü yaratdığını və bu prinsipləri praktik şəkildə tətbiq etdiyini diqqətə çatdırdı.
“Əsas problemlərdən biri vurğu məsələsidir. Dildəki incəlikləri bilmədən və öyrənmədən normaları mənimsəmək mümkün deyil. Dilçilik elminin özündə də həllini gözləyən məsələlər mövcuddur”, – deyə professor bildirdi.
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva isə dil məsələlərinin müzakirəsində jurnalistlərin, aparıcıların və digər media nümayəndələrinin iştirakının vacibliyini vurğuladı.
“Dillə bağlı müzakirələr apararkən mütləq şəkildə media nümayəndələrini prosesə cəlb etməliyik. Müzakirələr nə qədər uzun çəksə də, nəticədə kamil və praktik istifadəyə yararlı lüğətin hazırlanmasına nail olmalıyıq”, – deyə o qeyd etdi.
Müzakirələr zamanı iştirakçılar Azərbaycan dilinin orfoepik normalarının tətbiqi, media nümayəndələrinin qarşılaşdığı tələffüz problemləri və bu sahədə vahid yanaşmanın formalaşdırılması məsələləri ətrafında fikir mübadiləsi apardılar. Jurnalistlər gündəlik fəaliyyətdə rast gəldikləri çətinlikləri diqqətə çatdırdı, bir sıra söz və ifadələrin düzgün tələffüzü ilə bağlı təkliflərini səsləndirdilər. Təkliflərin gələcəkdə hazırlanacaq orfoepik lüğətin təkmilləşdirilməsinə və media mühitində dil normalarının daha düzgün tətbiqinə töhfə verəcəyi bildirildi.
BDU-nun dosenti Xatirə Hüseynova çıxışında sözlərin yazıldığı kimi tələffüz edilməsinin düzgün yanaşma olmadığını bildirdi. Dosent uşaqların məktəbəqədər və ümumtəhsil müəssisələrində düzgün nitq vərdişlərinə kifayət qədər yiyələnə bilmədiklərini diqqətə çatdırdı.
Xatirə Hüseynova vurğuladı ki, bu sahədə mövcud problemlərin əsası məhz erkən təhsil mərhələsində formalaşır. Onun sözlərinə görə, nitq mədəniyyətinin inkişafına məktəb yaşlarından diqqət yetirilməli, dil normalarının aşılanması sistemli şəkildə həyata keçirilməlidir.
Qeyd edək ki, layihə çərçivəsində ümumilikdə 20 təlim təşkil edildi. Bunlardan 16-sı Bakıda, 4-ü isə regionlarda keçirildi.
Elmira Ağayeva
Səkinəbəyim Cəfərova