Melaniya Tramp "Fox News"un "İlin vətənpərvəri" mükafatına layiq görülüb
ABŞ Prezidenti Donald Trampın xanımı Melaniya Tramp "Fox News" telekanalının "İlin Vətənpərvəri" mükafatına layiq görülüb.
Qeyd olunub ki, birinci xanım Ağ Evə ikinci müddətə qayıtdıqdan sonra ABŞ-nin həm daxili, həm də xarici siyasətində fəal iştirakına görə mükafat alıb.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ ictimai-siyasi həyatında simvolik, eyni zamanda siyasi baxımdan strateji hadisə kimi qiymətləndirilə bilər:
“Melaniya Trampın “Fox News” tərəfindən “İlin vətənpərvəri” mükafatına layiq görülməsi ABŞ ictimai-siyasi həyatında simvolik, eyni zamanda siyasi baxımdan strateji hadisə kimi qiymətləndirilə bilər. Bu mükafat ilk növbədə Tramp ailəsinin yenidən formalaşan imic kampaniyasının bir hissəsi kimi görünür. Donald Trampın Ağ Evə ikinci dəfə qayıdışından sonra Melaniya Trampın aktiv ictimai fəaliyyətə başlaması onun siyasi proseslərdə “yumşaq güc” rolunu artırır. “Fox News” kimi respublikaçılara yaxın media platformasından gələn bu mükafat, Tramp administrasiyasının dəyərlərinin — ailə, vətənpərvərlik, milli kimlik və ənənəvi dəyərlərin — ictimai rəmzinə çevrilməsi məqsədi daşıyır.
Bu mükafat Melaniya Trampa birinci xanım kimi əlavə siyasi və ictimai üstünlüklər qazandırır. Əvvəla, o, Tramp administrasiyasının “mənəvi siması” kimi daha çox mediada görünəcək, bununla da Trampın elektorat bazasında qadın və ailə dəyərlərinə yönəlik dəstəyin güclənməsinə xidmət edəcək. İkincisi, Melaniya Trampın bu mükafat vasitəsilə respublikaçı dairələrdə nüfuzunun artması onu gələcəkdə potensial sosial təşəbbüslərin və ya humanitar layihələrin rəhbəri kimi ön plana çıxara bilər.
Siyasi tarix baxımından isə bu hadisə birinci xanım institutunun ABŞ-də partiya mənsubiyyətinə görə siyasi alətə çevrilməsinin növbəti nümunəsi kimi qiymətləndirilə bilər. Əvvəlki illərdə birinci xanımlar daha çox partiyalarüstü və humanitar fəaliyyətlə tanınırdısa, indi Melaniya Trampın mükafatı onun siyasi imicinin bilavasitə respublikaçı ideoloji platforma ilə eyniləşdirildiyini göstərir.
Ümumilikdə, bu addım Tramp administrasiyasının siyasi kommunikasiya strategiyasına xidmət edir — yəni ailə obrazı vasitəsilə seçicilərə sabitlik, dəyərlərə sadiqlik və milli kimlik mesajı ötürmək. Lakin demokrat düşərgəsində bu mükafatın daha çox “Fox News”un siyasi simpatiyasının ifadəsi kimi qarşılanacağı da istisna deyil. Beləliklə, Melaniya Trampın “İlin vətənpərvəri” seçilməsi həm şəxsi nüfuz göstəricisi, həm də ABŞ-də dərinləşən ideoloji qütbləşmənin yeni simvoluna çevrilə bilər".
Aydan Əsgərxanlı