Mentalitet imkan verərsə
"Mentalitetimizə uyğun deyil" - insanlar bu sözə görə sərhədlər qoyur və mentalitetə uyğunlaşmağa çalışırlar.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Aygün Cəfərova bildirib ki, mentalitetin vacibliyini insanlar özləri bəlirləyir:
"Ümumiyyətlə mentalitet deyəndə ölkə olaraq dəyərlərimiz, qayda qanunlarımız, olar-olmazlarımız nəzərdə tutulur. Mentalitetin vacibliyini insanlar özləri bəlirləyir. Vaciblik dərəcəsini isə həmin o insanların böyüdüyü ailə mühiti, aldığı tərbiyə, cəmiyyətin fikirləri, bunun nə dərəcədə insanın seçimlərinə təsiri var, vacibliyi onun əsasında təyin olunur. Ola bilər ki, bəzi insanlar bunu çox vacib hesab etsin, ola bilər ki, bu insanlar üçün çox vacib deyil.
Ən uğurlusu balansı saxlaya bilməkdir. Balansı saxlaya bilmək əsasən çox az insanda rast gəlinir. Çünki hansı insanlar ki, ancaq öz istək və dəyərlərinə, fundamental təlabatlarına daha çox önəm verirlər və öncə tuturlar, onlar üçün mentalitet, cəmiyyət dəyərləri önəmli deyil. Hansı insanlar ki, daha çox fədakardırlar, daha çox cəmiyyəti, ailəni, ətrafı, qohumları düşünürlərsə, onların dəyərlərinə daha çox önəm verirlərsə, onlar üçün mentalitet qaydaları daha çox vacib və öncəlik olur.
Hər iki vəziyyətdə insanlarda psixoloji narahatçılıqlar yaranır. Çox vacib olarsa, şəxsi istəklərin, təlabatların arxa plana atıb yalnız cəmiyyət, ailə, qohumları öncəlik tutarlarsa, bu insanlar da hər zaman öz istəklərini tapdalayır.
Axır nəticə olaraq, nevrotik vəziyyət, psixoloji narahatçılıqlara gətirib çıxara bilir. Ən yaxşı halda isə bu insanlarda emosional yanma sindromu olur. Hətta bunun ifrat dərəcəsi olarsa, başqa narahatçılıqlara gətirib çıxara bilər.
Vacibliyi ən aşağı səviyyədə tutub yalnız öz istək və dəyərlərini ön planda tutan insanlarda isə empatiya hissi olmur. Bu insanlar isə münasibətlərdə hər zaman uşaq pozisiyasında olurlar. Belə insanlar məsuliyyət götürə bilmirlər, həyatda balansı tuta bilmirlər. Bunun da özünə məxsus mənfi və müsbət tərəfləri var.
Ona görə, ən uğurlusu orta balansı saxlaya bilməkdir. Orta balansı saxlaya bildiyi təqdirdə insanlar, həm cəmiyyət üçün, həm də özləri üçün faydalı şəxsiyyət ola bilirlər".

Samirə Allahverdizadə
