Mesajlaşma sistemlərindəki təhlükələr
Son günlər dünyada yayılan kiber cinayətlərin çoxalması ölkəmizdə də bu mövzunu aktual edir.
Məsələ ilə bağlı İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki,son vaxtlar Telegram üzərindən göndərilən “şübhəli link” hücumları ciddi təhlükələr yarada bilər:
“Telegram üzərində fişing və malware (zərərli proqram) linkləri vasitəsilə risklər mövcuddur. Link sizi Telegram və ya başqa bir xidmətin saxta giriş səhifəsinə yönləndirə bilər. Burada daxil etdiyiniz giriş məlumatları, OTP və ya 2FA kodları oğurlana bilər. Link sizi zərərli fayl və ya proqram yükləməyə yönləndirə bilər. Bu malware sizin cihazdan kredit kartı məlumatı, şəxsi sənədlər kimi həssas məlumatları toplaya bilər. Giriş məlumatlarını ələ keçirən şəxs sizin hesabınızla daxil olaraq mesaj göndərə, kontaktlarınıza linklər yollaya və phishing kampaniyasını davam etdirə bilər. Kredit/debit kartınızdan icazəsiz ödənişlər edilə və ya həmin məlumatlar darknetdə satışa çıxarıla bilər. Hesablarınızdakı şəxsi məlumatlar (şəkillər, sənədlər, profil məlumatları) kimlik oğurluğu və ya şantaj üçün istifadə oluna bilər. Yazılı malware, keylogger və ya uzaqdan idarəetmə proqramı cihazınıza yerləşdirilə bilər. Ümumiyyətlə göndərilən məlumatın məzmununa baxmaq lazımdır. Bəzən etibarlı kontaktdan sizə “Şəkilləriniz” vəya digər reklam məqsədli məlumatlar və linklər göndərilə bilər. Yaxşı olar ki, həmin adamla birbaşa əlaqə saxlayıb vəziyyəti dəqiqləşdirəsiniz. Əsla linkə toxunmayasız. Həmin mesajı açmadan silmək tövsiyyə olunur. Obrazlı desək, diqqətimizin bayram etməyə haqqı yoxdur. Hər zaman gələn mesaj və zənglərə qarşı diqqətli olmalıyıq”.

Nəzrin Nəsirova
