MikroRNT böyrəkləri xilas etmək üçün kəşf edilib
Kanadanın Monreal Universiteti Xəstəxanası Araşdırma Mərkəzinin (CRCHUM) alimləri ilk dəfə olaraq böyrəklərdə kiçik qan damarlarını qoruya bilən mikroRNT-ni müəyyən ediblər. Bu kəşf xroniki böyrək xəstəliklərinin erkən diaqnostikasında və müalicəsində mühüm addım hesab olunur. Tədqiqatçılar miR-423-5p adlanan bu mikroRNT-nin qan nümunələri vasitəsilə böyrəyin mikrovaskulyar sağlamlığını qiymətləndirmək üçün güclü biomarker olduğunu nümayiş etdiriblər.Əvvəlcə siçanlarda, sonra böyrək nəqli edilən 51 xəstədə bu molekulun damar sağlamlığını əks etdirdiyi göstərilib.
Bundan əlavə, miR-423-5p böyrək zədələnən siçanlara vurulduqda, kiçik qan damarlarının qorunduğu və böyrək zədələnməsinin məhdudlaşdırıldığı müşahidə ediblər.
Bu test orqan transplantasiyası və ürək-damar cərrahiyyəsi kimi qan axınının müvəqqəti olaraq kəsildiyi prosedurlar zamanı damar sağlamlığının erkən qiymətləndirilməsinə imkan verir. Bu, xəstələrin, xüsusən də yaşlıların, böyrək köçürülən şəxslərin və ya yüksək risk qruplarına daxil olanların daha effektiv monitorinqinə imkan verəcək. Bu kəşf təkcə böyrək xəstələri üçün deyil, həm də ürək, ağciyər və neyrodegenerativ xəstəliklər üçün faydalı ola bilər. Kiçik damar itkisi bu xəstəliklərin bir çoxunun inkişafında əhəmiyyətli rol oynayır.
TRT Haber
Xədicə Məhərrəmli
