Milli Məclisin sədri AİPA-nın 46-cı Baş Assambleyasında çıxış edib
Malayziyanın Kuala Lumpur şəhərində səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının (AİPA) 46-cı Baş Assambleyasının açılış mərasimində iştirak edib.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, Milli Məclisin sədrinin, AİPA’nın 46. sesiyasında iştirakı önəmli bir hadisədir:
“Belə ki, Azərbaycan artan dünya siyasətində və müxtəlif formatlarda aktiv şəkildə iştirak etməkdədir. Nəzərə almaq lazımdır ki, hazırda Asiya qitəsi, xüsusilə də Cənubi Şərqi Asiya ölkələri sürətli inkişaf yolunu keçirlər. Onlar son 30 ildə məhz iqtisadi möcüzələr yaratmaqla sürətli inkişaf tempinə nail olublar. O cümlədən, bu bölgə yüksək texnologiyaların tətbiq olunması və inkişafında önəmli bir rola malikdir. Məhz Azərbaycanın bu regionla əməkdaşlığı Azərbaycanın qərb-şərq istiqamətində siyasətini, xarici siyasət prioritetlərini müəyyən edir. Azərbaycanın artıq bölgənin bir çox ölkələri ilə, xüsusilə Çin, Malaziya, İndoneziya kimi ölkələrlə, son dövrlər Vyetnam kimi ölkələrlə aktiv münasibətləri inkişaf etməkdədir. Münasibətlər həm bu ölkələrin Avropa ilə ələqələrinə yardım edir, eyni zamanda Azərbaycanın da dünyaya, xüsusilə cənub şərqə və şərqi Asiyaya açılımı kimi dəyərləndirilməlidir. Bu baxımdan bu səfər 46. sesiyada iştirak və bu region ölkələrlə ələqələrin doğulması Azərbaycanın mənafeyinə uyğundur”.
Nəzrin Nəsirova