00:00:00
Yazar
Ayan Sədi
20.04.2026 12:53 38 2 dəq oxuma
Mədəniyyət

"Milli" yaddaş: Anar Yolçiyevin fərdi sərgisi yekunlaşıb

"Milli" yaddaş: Anar Yolçiyevin fərdi sərgisi yekunlaşıb

​Azərbaycanın təsviri sənətində milli motivlərə fərqli və fəlsəfi baxış bucağı təqdim edən rəssam Anar Yolçiyevin "Milli" adlı fərdi sərgisi yekunlaşıb. QGallery-də keçirilən sərgi, tamaşaçını öyrəşdiyi əlvan rəng palitrasından uzaqlaşdıraraq, tarixin və mədəniyyətin dərin qatlarına fərqli bir işıq salıb.

 

 

Rəssam Anar Yolçiyev sərginin atmosferi və tamaşaçı üzərindəki təsiri ilə bağlı düşüncələrini "İnformator.az"la bölüşüb:

 

 

​"Bəzən ən vacib məqamlar rənglərin sonsuz parlaqlığında itib gedir. Məna isə xüsusilə sükutda daha aydın görünür" deyən rəssam sərgidəki tutqun və intim atmosferin təsadüfi olmadığını diqqətə çatdırıb. Bildirib ki, məqsəd izləyicini bir anlıq fasilə verməyə, tələsmədən düşünməyə və görməyə vadar etmək olub. 

 

Əsərlərdəki kəskin işıq və kölgə kontrastı isə texnikanın sadəcə vizual effekt deyil, həm də daxili dialoq olduğunu diqqətə çatdırıb:

 

 ​"İşıq və kölgənin qarşı-qarşıya gəlməsi bizə rəsmin daxili əhval-ruhiyyəsini daha qabarıq şəkildə ifadə etmək imkanı verir. Mən inanıram ki, rəssamın əsas vəzifəsi bütün mövcud üsullardan istifadə edərək izləyicini rəsmin dərinliyini anlamağa və onun üzərində düşünməyə məcbur etməkdir".

 

​Sərgi müddətində ziyarətçilərlə yaranan canlı ünsiyyətin onun üçün əvəzolunmaz hiss olduğunu xüsusi vurğulayan Anar Yolçiyev, ən dəyərli məqamın da məhz sənət ətrafındakı müzakirələr olduğunu deyib:

 

  ​"Ziyarətçilərdən çoxlu müsbət şərhlər, təbriklər aldıq. Ən maraqlısı isə o idi ki, əksəriyyət bizim ötürmək istədiyimiz mesajı düzgün anladı. Bəziləri ilə razılaşdıq, bəziləri ilə fərqli fikirlərdə olduq, hətta işləri tək-tək müzakirə etdik. Mənim üçün "Yaxşı ki, bu sərgini etdim" deməyimə səbəb olan ən dəyərli məqam məhz bu səmimi dialoq idi".

 

 

Lalə Əhməd

#yeni #yolçiyevin #fərdi #azərbaycan #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər