Minatəmizləmədə Yeni Tələblər: Təhlükəsizlik Gücləndirilir
Müqavilə əsasında minatəmizləmə fəaliyyətinə cəlb olunan fiziki və hüquqi şəxslər tərəfindən aşkar olunan partlayıcı sursatların yerində və ya digər məhvetmə yerlərində zərərsizləşdirilməsi və ya məhv edilməsi əməliyyatının aparılması yalnız Azərbaycan Minatəmizləmə Agentliyi tərəfindən icra olunub. Sənədə əsasən, minatəmizləmə fəaliyyətinə cəlb edilmiş dövlət orqanı (qurumu) müvafiq əməliyyatların icrası üçün zəruri imkanlara malik olduğu təqdirdə, təhlükəsizlik riskləri qiymətləndirilməklə aşkar olunan partlayıcı sursatların yerində zərərsizləşdirilməsi və məhv edilməsi əməliyyatlarını icra edə bilər. Partlayıcı sursatların məhv edilməsi əməliyyatlarını həyata keçirən bölmələr üçün icraçının müvafiq ixtisaslı tibb işçilərinin və zəruri tibbi vasitələrlə, avadanlıqlarla, habelə morfin hidro-xlorid preparatı ilə təchiz olunmuş təcili tibbi yardım avtomobilinin ayrılması, onların ən yaxın tibb müəssisələri barədə məlumatlı olması təmin edilməli, eləcə də hər bir sahə üzrə zərərçəkənlərin təxliyəsi planı hazırlanmalıdır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib ki, əslində bu olduqca məntiqli yanaşmadır:
"Burada təhlükəsizlik tədbirlərinin gücləndirildiyindən danışmaq mümkündür. Azərbaycan Minatəmizləmə Agentliyi artıq uzun illərdir fəaliyyət göstərib. Agentliyin kifayət qədər peşəkar fəaliyyət göstərməsi üçün ciddi texniki bazası mövcuddur. Mina təmizləmə əməliyyatları da həmin agentlik tərəfindən həyata keçirilməlidir. Nəzərə almaq lazımdır ki, bu, beynəlxalq tələblərə cavab verir. Mina təmizləmə əməliyyatı təhlükəsizlik tələblərinə əməl edilməklə icra olunmalıdır. Mina təmizlənməsinin aparıldığı ərazidə risklərin qiymətləndirilməsi olduqca vacibdir. Mina təmizləmə zamanı tibbi personalın fəaliyyət göstərməsi qaçınılmazdır. Qoyulan tələblər olduqca haqlıdır. Mina təmizləmə əməliyyatı Azərbaycanda heç bir yerdə olmadığı qədər təhlükəlidir. Azərbaycana 44 günlük Vətən müharibəsindən sonra təqdim olunan minalanmış ərazilərin xəritələri doğru olmayıb".
Aygün Babayeva