Minsk prosesinin fəaliyyəti dekabrın 1-dək ləğv ediləcək
ATƏT sədri bildirib ki, Minsk prosesinin fəaliyyəti dekabrın 1-dək ləğv ediləcək.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, Minsk qrupu illərlə bölgədə səmərəsiz vasitəçilik göstərdi, amma faktiki heç bir nəticə əldə etmədi:
“Bu qurum tərəfsizliyi ilə deyil, formal prosedurlarla yadda qaldı. Onların diplomatik təşəbbüsləri illərlə kağız üzərində qaldı, real vəziyyətlə heç bir əlaqəsi olmadı. Dekabrın 1-də fəaliyyətinin dayandırılması uzun müddətdir gecikmiş bir addımdır. Artıq münaqişə yoxdur, ona görə vasitəçilik mexanizminə ehtiyac qalmayıb. ATƏT-in buradakı rolu faktiki olaraq nominal və mənasız idi. İllərlə aparılan müzakirələr sülhə deyil, zaman itkisinə xidmət edirdi. Minsk qrupu sadəcə beynəlxalq proseslərin formal tərəfi kimi qaldı. Bu qurumun fəaliyyəti həm region, həm də Azərbaycan üçün faydasız oldu. Onların passivliyi münaqişənin həllinə heç bir töhfə vermədi. Dekabrın 1-dən sonra artıq bu boşluq aradan qalxır. Sülh prosesləri reallıq üzərində qurulacaq və artıq kağız üzərində qalan mexanizmlərə ehtiyac yoxdur. Minsk qrupunun iflası aydın şəkildə göstərir ki, illərlə davam edən formal vasitəçiliklərin faydası yoxdur. Tarixi reallıq ortaya çıxıb, artıq yeni mərhələyə keçmək vaxtıdır“.
Reyhan Quliyeva
