00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
10.07.2026 23:47 40 5 dəq oxuma
Sosial

MİQ imtahanları başlayır: Ekspert mövcud çatışmazlıqları açıqlayıb

 

 

MİQ imtahanları başlayır: Ekspert mövcud çatışmazlıqları açıqlayıb

İyulun 14-dən etibarən müəllimlərin işə qəbulu (MİQ) üzrə test imtahanlarına start veriləcək. Təhsil sistemində müəllimlərin seçimində əsas mərhələ hesab olunan bu imtahanlar namizədlərin ixtisas bilikləriini və peşə hazırlığını qiymətləndirir. Bununla yanaşı, hər il olduğu kimi, imtahan modelinin tətbiqi, sualların hazırlanması və vakansiyaların bölgüsü ilə bağlı müzakirələr də yenidən gündəmə gəlir.
 


Mövzu ilə bağlı təhsil eksperti Afərim Seyidova “İnformator.az”a açıqlamasında MİQ sisteminin üstün cəhətlərini və mövcud problemlərini dəyərləndirib.O,bildirib ki,  müəllimlərin işə qəbulu üzrə test, müsahibə və vakansiya seçimi mərhələləri onların bilik, bacarıq və pedaqoji hazırlığını qiymətləndirdiyi üçün təhsil sisteminə müsbət təsir göstərir:


“Artıq bir neçə ildir ki, müəllimlərin işə qəbul imtahanı onların bilik və bacarıqlarının ölçülməsi əsasında həyata keçirilir. Bu proses bir neçə mərhələdən ibarətdir. Birinci mərhələ test mərhələsidir. Burada müəllimin bilik və bacarığı yoxlanılır. Hazırda təhsilin şəxsiyyətyönümlü olduğunu nəzərə alsaq, görərik ki, burada biliyə əsaslanan bacarıqlar daha çox qiymətləndirilir.Məsələn,ədəbiyyatdan qəzəlin əzbər formasını bilmək yox, müəllimin həmin əsərdə nə ifadə olunduğunu, onun mahiyyəti  anlaması və bunu tətbiq edə bilməsi yoxlanılır.


İkinci mərhələ müsahibə mərhələsidir. Burada müəllimin dünyagörüşü, pedaqoji prosesə hazırlığı, gələcəkdə şagirdlə işləmə qabiliyyəti, həyata baxışı və digər keyfiyyətləri qiymətləndirilir.


Üçüncü mərhələ isə vakansiya seçimi olduğunu deyən ekspert bu mərhələnin  təhsil sisteminə təsirini müsbət qiymətləndirir:

Birinci növbədə hesab edirəm ki, seçilən yol doğrudur. Müəllimin bilik və bacarığını ölçərək işə qəbul etmək düzgün yanaşmadır. Necə ki özəl kurslar müəllimləri illərdir ki, imtahanla qəbul edir, daha sonra onlara təlim keçirlər. Həmin təlimlə müəllimin özəl sektora uyğunluğu, şagirdlə işləmə bacarığı yoxlanılır. Burada isə test mərhələsi müəllimin bilik və bacarığını yoxlayırsa, müsahibə mərhələsi müəyyən mənada həmin təlimi əvəz edir. Yəni ümumilikdə bilik və bacarığın yoxlanılması təqdirəlayiq haldır. Avropada, Türkiyədə və digər ölkələrdə də müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi prosesi həyata keçirilir”.


Ekpert vurğulayıb ki, MİQ-də əsas problem imtahan modelinin icrasında müşahidə olunur: 

“Çərçivə sənədindən kənar sualların verilməsi, model testlərin əvvəlcədən paylaşılmaması və sualların proqramı balanslı şəkildə əhatə etməməsi müəllimlərin əsas narazılıqlarındandır.Amma burada əsas məsələ bunun necə həyata keçirilməsidir. Çünki yol düzgündür, lakin həmin yolda istifadə olunan üsullarda və yoxlama prosesində müəyyən çatışmazlıqlar var. Birinci növbədə,Dövlət İmtahan Mərkəzi imtahandan  əvvəl illərlə broşürlər, test kitabçaları, nümunə və model testlər hazırlayır, proqram təqdim edir. MİQ-də isə proqramın, yəni çərçivə sənədinin verilməsi son illərdə tətbiq olunur. Əvvəllər belə bir çərçivə sənədi yox idi. Sevindirici haldır ki, artıq müəllimlər imtahanda hansı mövzuların düşəcəyini bilirlər.Məsələn, ədəbiyyatdan hansı mövzuların, kimyadan və ya riyaziyyatdan hansı bölmələrin MİQ-ə salınacağı əvvəlcədən göstərilir. Bu müəllimlər üçün müsbət haldır. Amma bəzən çərçivə sənədindən kənara çıxılır. Əvvəllər bu daha çox olurdu, indi azalsa da, yenə də belə hallar var. Məncə, çərçivə sənədindən kənara çıxılmamalıdır. Müəllimlərin ilk narazılığı da məhz budur.


İkinci məsələ ondan ibarətdir ki, DİM-də olduğu kimi müəllimlər üçün əvvəlcədən test nümunələri, model testlər və test kitabçaları hazırlanıb ictimaiyyətə təqdim olunmur. Halbuki bunlar mütəmadi şəkildə paylaşılmalıdır. Müəllim bilməlidir ki, hansı mövzular hansı formada təqdim oluna bilər, test modelləri və sual tipləri necə olacaq.


Digər çatışmazlıq isə sualların səviyyəsi ilə bağlıdır. Dövlət İmtahan Mərkəzi sualları asan, orta və çətin olmaqla üç səviyyədə tərtib edir və bütün proqramı əhatə etməyə çalışır. Məsələn, bəzən abituriyent deyir ki, filan əsərdən sual düşməmişdi və ya Qasım bəy Zakirə toxunulmamışdı. Amma müqayisə cədvəli və ya satirik poeziya ilə bağlı suallarda dolayısı ilə həmin yaradıcılığa da yer verilir. Yəni proqram bütövlükdə əhatə olunur. MİQ-də isə bəzən eyni mövzudan üç-dörd sual salınır, bəzi mövzular isə illərlə kənarda qalır. Halbuki müqayisə cədvəlləri,venn diaqramları və digər sual tipləri elə hazırlanmalıdır ki, proqram mümkün qədər tam əhatə olunsun”.


Həmçinin,  ekspert qeyd edib ki, MİQ-də bəzi suallar peşəkar səviyyədə hazırlanmadığından cavablarda anlaşılmazlıqlar yaranır və bu problemlərin peşəkar mütəxəssislərdən ibarət komanda tərəfindən aradan qaldırılması vacibdir:


“Biz müəllim olaraq MİQ-də sualların tərtib səviyyəsini yüksək qiymətləndirmirik. Sanki DİM-də olduğu kimi peşəkar komanda burada işləmir. Düzdür, uğurlu və keyfiyyətli suallar da olur. Amma bəzən elə suallar olur ki, sonradan Təhsil İnstitutu izah verəndə həmin izahın özü də qarışıq alınır. İki əsərin müqayisəsində düzgün cavab ortaya çıxmır, cavab variantlarını təhlil edəndə bir neçə variant uyğun görünür. Necə ki, Dövlət İmtahan Mərkəzində bu iş peşəkar müəllimlərin iştirakı ilə aparılır, burada da eyni yanaşma tətbiq olunmalıdır”.


Mütəxəssis bildirib ki, MİQ-də digər problemlərdən biri də vakansiyaların azlığı və onların müəllimlərin ailə vəziyyətinə uyğun olmamasıdır:


“Ən böyük narazılığımız isə vakansiyalarla bağlıdır. Vakansiyalar çox azdır. Elə müəllimlər var ki, yüksək nəticə göstərirlər, sinfə girib dərs deməyə tam hazırdırlar, amma vakansiya çatışmazlığı səbəbindən kənarda qalırlar.Digər tərəfdən, təklif olunan vakansiyalar hər zaman müəllimlərin ailə vəziyyətinə uyğun olmur. Məsələn, gənc ailəli bir qadın müəllim iki azyaşlı uşağı ilə gedib Qubanın ucqar kəndində işləyə bilmir. Ailə vəziyyəti buna imkan vermir. Buna görə də vakansiyaların sayı artırılmalıdır. Bu da əsas problemlərdən biridir.

 


Ümumilikdə istərdik ki, MİQ imtahanlarının hazırlanması daha peşəkar mütəxəssislərə həvalə olunsun. Hətta bu prosesin Dövlət İmtahan Mərkəzinə verilməsi də çox yaxşı təklif olardı. Orada peşəkar komanda fəaliyyət göstərir. Əgər bu mümkün deyilsə, heç olmasa MİQ imtahanının tərtibi üçün təcrübəli müəllimlər cəlb edilsin. Şəxsən mən bir müəllim olaraq, heç bir təmənna güdmədən bu işdə iştirak etməyə hazıram. Hesab edirəm ki, suallar daha peşəkar şəkildə hazırlanmalıdır”.


Aydan Əsgərxanlı

#olunsun”. #göstərir. #bildirib #yeni #vakansiyaların
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər