Miqrasiya dalğası - gənclər xaricə üz tutur
Son illərdə Azərbaycanda gənclərin xaricə köç tendensiyası güclənib. Əsas səbəblər arasında təhsil imkanları, yüksək maaşlı iş yerləri və daha yaxşı sosial şərait xüsusi yer tutur.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Süleymanov “İnformator.az”a bildirib ki, xaricdə təhsil bir gəncin inkişafı üçün kifayət qədər imkanlar verir və gənclərimiz dünya mütəxəssisi kimi yetişir:
“Gənclər xaricdə yaxşı ixtisasları seçib reytinqləri yüksək universtetdə təhsil alırlar. Xaricdə təhsilə daha çox xarici dil bacarığı inkişaf etmiş, riyazi analitik səviyəsi yüksək gənclər üz tutur. Xüsusilə son illərdə xaricdə təhsilə dövlət proqramlarının yardımı ilə gənclərimiz dünyanın TOP universitetlərinə daxil olur. Son statistikada isə sevindirici bir hal yaşanıb ki, Azərbaycandan xaricdə təhsilə göndərilən 500 tələbənin 135-i dünyada TOP 10-a daxil olacaq universitetlərə qəbul şansı əldə edib. Təbii bir haldır ki, gənclərimiz bu universitetlərdə təhsilini başa vurduqdan sonra bir anda dünya kadrı olmur, lakin zamanla bir çox beynəlxalq şirkətlər öz qapılarını bu gənclərə taybatay açır. Bu rəqabət şəraitində gənclərin öz ölkələrinə qayıtması üçün stimullaşdırıcı tədbirlər şərtdir-ali təhsilə rəqabət proqramı, xaricə təcrübə qazanmış gəncin biliyinə uyğun maaş verilməli, həmçinin sosial dəstək mexanizmləri də onları ölkəyə bağlayan mühüm amillərdəndir”.
Fatimə Hüseynli
