00:00:00
Yazar
Admin User
14.10.2025 10:52 117 2 dəq oxuma
Siyasət

Misir sazişi Qəzza sülhü üçün dönüş nöqtəsi olub

Misir sazişi Qəzza sülhü üçün dönüş nöqtəsi olub

 

Türkiyə rəsmiləri Misirdə imzalanan Qəzza atəşkəsi sazişini regional sülh üçün mühüm mərhələ kimi qiymətləndirib.

 

Bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanəddin Duran bildirib.

 

Duran qeyd edib ki, zirvə görüşü daimi atəşkəs və regional sabitlik istiqamətində diplomatik səylərin vacib addımı olub. O, Türkiyənin sülh, ədalət və iki dövlətli həll prinsipinə sadiqliyini vurğulayıb.

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, əslində bu sənəd qarantor dövlətlər tərəfindən imzalanıb:

 

ABŞ, Misir, Türkiyə və Qətər sülhün əsas qarantorları kimi çıxış edirlər və İsrail-Fələstin müharibəsinin dayandırılmasında mühüm rol oynayıblar. Ehtimal olunur ki, bu dörd dövlətin gücü bölgədə sülhün təmin olunmasına ciddi təsir göstərəcək. Bununla belə, sülhün reallaşması üçün savaşın tərəfləri olan İsrail və HƏMAS-ın da razılaşmaya əməl etməsi vacibdir.

 

Qarantor dövlətlər tərəflərin əməl və fəaliyyətlərinə görə müəyyən məsuliyyət daşıyırlar. Burada ABŞ daha çox İsrailin, digər dövlətlər isə HƏMAS-ın qarantoru kimi çıxış edir. Bu baxımdan, bölgədə sülhün qalıcı olacağına ümid etmək mümkündür.

 

Doğrudur, hələ həll olunmamış müəyyən nüanslar qalır. Lakin ümumi mənzərə onu göstərir ki, İsrailin də gücü xeyli zəifləyib. HƏMAS isə Qəzzanın dağılması, infrastrukturun viran qalması, əhalinin aclıq və çətinlik içində yaşaması kimi problemlərlə üzləşib. Belə bir şəraitdə, xırda anlaşılmazlıqlar aradan qaldırıldığı təqdirdə, bölgədə qalıcı sülhün mümkünlüyü yüksək qiymətləndirilir.

 

Ümumiyyətlə, Yaxın Şərqdən müharibənin çıxarılması məsələsi də hazırda gündəmdədir. Ola bilər ki, dünyanın digər bölgələrində gərginliklər davam etsin, lakin Yaxın Şərqdə vəziyyətin sabitləşməsi ehtimalı daha böyükdür”. 

 

Ə.Mustafa son olaraq açıqlamasında bildirib ki, Fələstin dövlətinin yaradılması məsələsi hələ də mübahisəlidir:

 

“HƏMAS bu məqsədi əsas hədəf kimi görür, İsrail isə buna qarşı çıxır. ABŞ isə bu mövzuya açıq münasibət bildirmədən, prosesi tərəflərin öhdəsinə buraxır. Bu məsələ hələ də beynəlxalq gündəmin əsas mövzularından biridir. İsrailin müqavimət göstərəcəyi gözlənilsə də, enində-sonunda 157 dövlətin tanıdığı Fələstin dövlətinin yaranması reallığa çevrilə bilər.

 

Nəticə etibarilə, sülhün qarantoru kimi çıxış edən dörd dövlət – ABŞ, Misir, Türkiyə və Qətər – bölgədə sabitliyin təmin olunmasında əsas rol oynayırlar. Ola bilər ki, İsrail və HƏMAS arasında hələ tam həll olunmamış məsələlər mövcuddur, lakin qarantor dövlətlərin təsiri və təzyiqi nəticəsində sülhün qalıcı olması mümkündür”. 

 

Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər