Misir və İsrail arasında Qəzza ilə bağlı yeni təkliflərin mübadiləsi aparılıb
HƏMAS və İsrail arasında aparılan danışıqlarda ABŞ və Qətərlə yanaşı vasitəçi kimi çıxış edən Misir nümayəndələri Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasına dair yeni təkliflər irəli sürüblər. “Maan” agentliyinin məlumatına görə, Misirin təqdim etdiyi layihə həm təhvil veriləcək girovlar, həm də İsrail həbsxanalarından azad olunacaq fələstinli məhbuslar baxımından İsrail tərəfindən qəbul edilməyə yaxındır.
Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşid “İnformator.az”a açıqlamasında bildirib ki, təşəbbüs nəticəsiz qalarsa, HƏMAS və digər qrupların raket hücumları arta, İsrail isə Qəzzada, xüsusilə Rəfah istiqamətində, genişmiqyaslı quru əməliyyatlarına başlaya bilər:
"Livan cəbhəsində Hizbullahla toqquşmaların daha da şiddətlənəcəyi, regional oyunçular – İran, Yəməndə husilər, İraq və Suriya milislərinin daha aktiv ola biləcəyi ehtimal edilir. Humanitar böhran dərinləşər və beynəlxalq təzyiqlər artar.
Misirin təklif etdiyi razılaşmanın həyata keçirilməsi mümkündür. Bunun üçün ABŞ İsrailə ciddi təzyiq göstərməli, HƏMAS isə əsas tələblərində — daimi atəşkəs, geri çəkilmə və blokadanın qaldırılması kimi məsələlərdə yumşaqlıq nümayiş etdirməlidir.
Əgər girov razılaşması öncədən təsdiqlənsə, bu prosesin həyata keçməsi daha real olar. Əks halda, razılaşmanın reallaşması çətinləşəcək.
Üçüncü tərəfin (ehtimal ki, Qətər və ya Qırmızı Xaç) vasitəçiliyi ilə neytral məntəqədə qarşılıqlı dəyişdirmə aparıla bilər. Adətən, mübadilədə qadınlar, uşaqlar və yaşlılar prioritet hesab olunur. Mübadilə mərhələli şəkildə həyata keçirilə bilər – hər mərhələdə müəyyən sayda girov və məhbus qarşılıqlı olaraq dəyişdiriləcək. Logistika, identifikasiya və nəzarət məqsədilə isə yaxınlıqdakı Misir ərazisindən istifadə oluna bilər".
Məhərrəmli Xədicə