Məktəbdə psixologiya
Yeniyetməlik dövrü olduqca çətin mərhələdir. Xüsusilə, bu dövr məktəb həyatında da şagirdlər üçün çətin keçə bilir. Onlarla düzgün ünsiyyət qurmaq isə çox vacibdir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib ki, bu dövrdə bir məktəb psixoloqu o qədər şagirdə çox vacibdir:
"Sosial-psixoloji xidmətdə təhsil alan bütün mütəxəssislər məktəb psixoloqu kimi fəaliyyət göstərir. Onların əsas vəzifəsi məktəb psixoloqu kimi uşaqların bütün yaş dövründə-həm ibtidai siniflərdə, həm də yuxarı siniflərdə-onların psixoloji vəziyyətinin yaxşılaşdırılması üçün çalışmalarıdır. Uşaqların bir-biri ilə münasibətinin tənzimlənməsi, bir-biri ilə sağlam mühitdə oxumaları, çalışmaları, komanda olmalarına dəstək verməkdir.
Düşünürəm ki, 1000 uşağa 1 məktəb psixoloqu azdır. Ən azından 1000 nəfərlik məktəbdə 4 psixoloq olmalıdır. İkisi aşağı siniflərə, ikisi yuxarı siniflərə. Ümumiyyətlə ən çətin siniflər ibtidai və ən axrıncı siniflər olur. Amma illərdir məktəb psixoloqları ilə işləyirik və görürük ki, orta siniflərdə də problemlər ola bilir. 6, 7 və 8-ci siniflər yeniyetməlik dövrünə düşür. Bu dövrdə adaptasiya problemi daha da çoxdur. Yeni müəllimlərə adaptasiya ola bilmirlər, dərs sıxıntısı və s. proplemlər olur.
Bu dövrdə bir məktəb psixoloqu o qədər şagirdə çox azdır. Təklif hər zaman edirik ki, 1000 nəfərə ən azı 4 psixoloq vakansiyası olmalıdır ki, onlar uşaqlarla rahat işləyə bilsin. İndiki dövrdə ümumi təlimata uyğun olaraq onlarla təlimlər, seminarlar lazım olarsa, dərsdən kənarda müəyyən bir təcrübələr edə bilsinlər.
Psixoloji yardım məktəblərdə göstərilir, amma bunu bütün məktəblərə şamil etmək olmaz. Bəzən otaq problemi olur. Məktəb psixoloqu da istədikləri kimi həyata keçirə bilmirlər. Bəzən otaq olsa da, amma otaqdan istifadə edə bilmirlər. Hətta bəzi məktəb psixoloqları necə işləsin ümumiyyətlə onu belə bilmirlər. Çünki praktikaları zəifdir. Bəzən isə məktəb psixoloqunun fiziki olaraq da gücü çatmır.
Xüsusi saatlar yoxdur ki, psixoloq çağıra bilsin və uşaqlarla işləsin. Dərsdən sonra uşaqlar qalmırlar və ya dərs vaxtı uşaqları yayındırma kimi qeyd olunur.
Düşünürəm ki, məktəb psixoloqu üçün ayrıca saatlar verilsin. Müəyyən konsultativ saatlar təyin edilsin. Çünki bu məktəb psixoloquna daha asan olar. Məktəb psixoloqu həm müşahidə edir, həm də sorğu aparır, testlər keçirir və ya fərdi görüşür. Plan yaxşı qurulsa, daha yaxşı işləmək olar. Amma təəssüf ki, bəzən psixoloqlar bu işdə səriştəsiz olur və ortaya bir iş çıxarda bilmirlər.
Məktəblərdə psixologiya tədris olunmalıdır. Amma bu daha çox 8, 9, 10 və ya 11-ci siniflərdə tədris olunsa, daha çox praktik yönümdə olsa, daha effektiv olar. Uşaqlar psixologiya nədir bunu bilərlər psixoloq sağlam insanlarla işləyir, bunu bilərlər, öz diqqət və qavramalarına daha önəm verərlər. Bir-biri ilə münasibətdə çətinlik çəkməzlər.
Yəni nəzəri yox, daha çox praktik tərəfdən tədris olunsa daha yaxşı olar".
Samirə Allahverdizadə
