Məktəbəqədər təhsilin əhatəliliyinin artırılması üçün yeni modellər tətbiq olunacaq
Son illər məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi və əhatəliliyinin artırılması üçün müəyyən addımların atılması gözlənilir. Yeni modellərin tətbiqi həm valideynlərin, həm də uşaqların rifahının artırılması, ehtiyaclarının qarşılanması baxımından mühüm rol oynayacaq. Eyni zamanda, gələcək nəsillərin təlim-tərbiyəsində də əhəmiyyətli təsirə malik olacaq.
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “İnformator.az”a açıqlamasında bildirib ki, hazırda ölkədə 1693 uşaq bağçası və körpələr evi fəaliyyət göstərir:
“Bu təhsil müəssisələrində 123.000 uşaq təlim-tərbiyə prosesinə cəlb edilib. Apardığımız təhlillər göstərir ki, məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi cəmi 20%-dir. Bu göstərici regionda ən aşağı səviyyədədir.
Hesab edirəm ki, burada yeni modellər mütləq şəkildə tətbiq edilməlidir. Bu modellərin həyata keçirilməsi ucqar kəndlərdə yaşayan uşaqların da məktəbəqədər təhsil imkanlarından yararlanmasına şərait yaradacaq. Layihənin əsas mahiyyəti də məhz təhsil bərabərliyinin təmin olunmasıdır.
Keyfiyyətin artırılması üçün tətbiq olunacaq yeni modellər sırasında modul tipli bağçaların genişləndirilməsi, məktəblərin nəzdində məktəbarası qrupların sayının artırılması, dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi, həmçinin alternativ erkən təhsil mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bu addımlar uşaqların sosial bacarıqlarını, nitq və ünsiyyət qabiliyyətini, yaradıcı təfəkkürünü erkən yaşlardan inkişaf etdirməsinə kömək edəcək”.
Ekspert yeni modellərin əsas istiqamətlərindən də bəhs edib:
“Yeni modellər təlim proqramlarında da dəyişiklik tələb edəcək. Daha çox oyunəsaslı öyrənmə, sosial-emosional inkişaf, inklüziv təhsil yanaşması və valideynlərin təlim prosesinə cəlb olunması bu proqramlara daxil ediləcək. Yeni tətbiq edilən modellər əsasən bu istiqamətləri əhatə edəcək. Həmçinin müəllimlərin ixtisasartırma proqramları gücləndiriləcək və müasir pedaqoji modellər tətbiq olunacaq. Məsələn, qeyd edə bilərəm ki, Elm və Təhsil Nazirliyinin məktəbəqədər təhsilin əhatəliliyinin artırılması üçün təklif etdiyi modellər arasında dünya təcrübəsindən də nümunələr var. Məsələn, Finlandiya və Estoniya kimi ölkələrdə tətbiq edilən modellərdə uşaq mərkəzli yanaşmalar əsas götürülür.
Azərbaycanda da təhsil sistemi bu istiqamətdə inkişaf etdiriləcək. Elm və Təhsil Nazirliyi üçün məktəbəqədər təhsilin keyfiyyətinin artırılması vacib məsələdir. Hesab edirəm ki, Nazirliyin bu istiqamətdə atdığı addımlar müsbət qiymətləndirilməlidir. Yeni modellərin tətbiqi məktəbəqədər təhsilin həm keyfiyyətini, həm də əhatəliliyini artıraraq gələcək nəsillərin daha yaxşı təhsil almasına zəmin yaradacaq.
Valideynlər istəyirlər ki, övladları məktəbəqədər dövlət təhsil müəssisələrində təhsil alsınlar. Təəssüf ki, ya yerlər yoxdur, ya da mövcud bağçaların keyfiyyəti valideynləri qane etmir. Lakin bu problemlər Elm və Təhsil Nazirliyinin tətbiq edəcəyi yeni modellərlə aradan qaldırılacaq və istənilən nəticə əldə olunacaq".
Həlimə Əliyeva
