MM Azərbaycanla BƏƏ arasındakı "Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi"ni ratifikasiya edib
Milli Məclis Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətləri arasında imzalanmış "Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi"ni ratifikasiya edib.Azərbaycanla BƏƏ arasında imzalanmış saziş iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı üçün müasir beynəlxalq standartlara uyğun, əhatəli hüquqi baza yaradır.
Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki,bu münasibətlər gələcəkdə yalnız iqtisadi sahə ilə məhdudlaşmayacaq, siyasi əməkdaşlıq istiqamətində də genişlənəcək:
"Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər uzun müddətdir ki, müsbət istiqamətdə inkişaf edir. Bu strateji iqtisadi əməkdaşlıq sazişinin imzalanması və ratifikasiyası da həmin dinamikanın nəticəsidir. Bildiyim qədərilə həm Azərbaycan Birləşmiş Ərəb Əmirliklərində, həm də Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanda ciddi investisiyalar həyata keçirir. Xüsusilə işğaldan azad olunmuş ərazilərimiz böyük həcmdə investisiyalara ehtiyac duyur. Eyni zamanda, Birləşmiş Ərəb Əmirlikləri dünyanın ən zəngin ölkələrindən biridir və onlar hər zaman sərfəli sahələrdə investisiya qoymağa meyillidirlər.Azərbaycanda da belə sahələr mövcuddur. Ümumilikdə bu əməkdaşlığın strateji xarakter alması tamamilə məntiqlidir. Çünki həm Azərbaycan, həm də Birləşmiş Ərəb Əmirlikləri müsəlman ölkələridir, eyni coğrafiyanı, oxşar taleyi və dəyərləri bölüşürlər. Mən düşünürəm ki, bu münasibətlər gələcəkdə yalnız iqtisadi sahə ilə məhdudlaşmayacaq, siyasi əməkdaşlıq istiqamətində də genişlənəcək.Gec-tez çoxqütblü dünya formalaşacaq və türk-müsəlman dünyası həmin qütblərdən birini təmsil edəcək. Son vaxtlar Türkiyənin Suriyada möhkəmlənməsi, Azərbaycanın həmin bölgəyə qaz ixracı və digər oxşar proseslər onu göstərir ki, bölgəsəl siyasi birlik formalaşmaqdadır.Bu səbəbdən ilin sonuna qədər Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasındakı strateji iqtisadi əməkdaşlıq siyasi tərəfdaşlıq səviyyəsinə qədər yüksələcək və gələcəkdə bu, bizim regional güc mərkəzi kimi formalaşmağımıza yol açacaq".
Xədicə Məhərrəmli
