Mən vaxtımı boşa sərf etmək istəmirəm
Tramp Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə dərhal atəşkəsə qarşı olduğunu bildirən açıqlamalarından sonra verdiyi bəyanatda belə deyib: “Mən vaxtımı boşa sərf etmək istəmirəm".
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya, Trampın xarici siyasətinə maraqla yanaşmır:
“Əlbəttə, bu, Donald Trampın xarici siyasətində əsas prioritetlərdən biri Rusiya–Ukrayna münasibətlərini normallaşdırmaqdır. Yəni, müharibəyə son qoymaq, iki dövlət arasında atəşkəsin əldə olunması və sülh sazişinin imzalanması ilə bağlı kifayət qədər ciddi fikirləri var. Ancaq hazırkı vəziyyətdə Rusiya, Trampın xarici siyasətinə maraqla yanaşmır. Belə ki, Alyaska görüşündə iki ölkənin — Rusiya və Ukraynanın dövlət başçılarının görüşü ilə bağlı Tramp beynəlxalq mətbuata anons versə də, Rusiya bu görüşdən imtina edib. İlk olaraq Zelenskini Moskvaya dəvət edib və görüşün Moskvada keçirilməsini təklif edib. Eyni zamanda, ilkin İstanbul şərtlərinin dəyişməz qalması barədə də bəyanat verib. Rusiya atəşkəs və ya sülh müqaviləsi imzalanmasına hələ hazır deyil. Bu da təbii olaraq Trampın xoşuna gəlmir. Nəzərə alınmalıdır ki, ABŞ Senatında və Konqresində Respublikaçı siyasətçilər arasında Ukraynaya rəğbəti artır və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı bəyanatlar səslənir. Artıq ABŞ senatında 85 senatorun imzası ilə qanun layihəsi müzakirəyə verilib və müzakirə olunub. Bu layihə Rusiyaya qarşı sərt sanksiyaları nəzərdə tutur: 60 dollarlıq neftin qiymətinin 46,7 dollara endirilməsi, Rusiyanın terrorist dövlətin sponsoru elan edilməsi, Rusiyanı dəstəkləyən və yardım edən-Çin və digər dövlətlərə sanksiyaların tətbiq edilməsi kimi qanun layihəsində belə bir müddəalar var. Rusiyadan neft məhsulları alan və hərbi texnika göndərən şirkətlərə 500%-lik rüsumun tətbiq edilməsi kimi qanun layihəsində belə bir müddəalar var. Bundan əlavə, Tramp bəyan edib ki, ABŞ Ukraynaya "Tomahawk" tipli raketləri verə bilərik. Daha sonra isə Rusiya XİN rəhbəri Lavrov ilə ABŞ dövlət katibi arasında telefon danışığı baş tutub. Budapeştdə Tramp və Putin arasında görüş planlaşdırılıb və bu görüşə Zelenskinin də qatılacağı bildirilib. Ancaq Tramp sonradan bu görüşü ləğv edib — bu da göstərir ki, Rusiya hələ də atəşkəs və sülhə hazır deyil.
Artıq, cənab Tramp “Tomahawk” ilə Rusiyanı çəkindirə bilməz. Bu mövzu kənarda qalacaqdır.
Eyni zamanda, ABŞ maliyyə naziri tərəfindən artıq Rusiyanın böyük neft şirkətləri — "Rosneft" və "Lukoil"ə qarşı ciddi maliyyə sanksiyaları tətbiq edib. Digər tərəfdən də Avropa İttifaqı da 19-cu sanksiya paketini qəbul edib və gündəmdə olan əsas məsələ Rusiyanın ABŞ-də və AB-də olan aktivlərinin təxminən 30 milyard avrodan çox pulun Ukraynaya verilməsi ilə bağlı məsələdir. Bu, Rusiyanı ciddi şəkildə narahat edir. Belə ki, Avropa İttifaqında bir neçə gündür 163 milyard avronun Ukraynaya verilməsi məsələsi müzakirə olunur, hüquqi baxımdan həllini tapmaq üzrədir. Bu pul Ukraynaya veriləcək. Və gələcəkdə bu məbləğ, Rusiyanın ödəyəcəyi təzminatdan çıxılacaq”.
Politoloq vurğulayıb ki, Rusiya əleyhinə sanksiyaların davam etdirilməsi və daha da sərtləşdirilməsi ilə bağlı fikirlər gündəmdədir:
“Nəzərə alsaq ki, bu Alyaska görüşü iki dövlət arasında münasibətlərin bərpası istiqamətində atılmış, bir addım kimi baxmaq lazım idi. Budapeşt görüşüdə iki dövlətin, sonra da Ukrayna məsələlərinin müzakirəsi mümkün idi. Lakin ABŞ-də istər Maliyyə Nazirliyində, istər Senatda, istərsə də Konqresdə – Rusiya əleyhinə sanksiyaların davam etdirilməsi və daha da sərtləşdirilməsi ilə bağlı fikirlər gündəmdədir. Bu istiqamətdə müxtəlif qanun layihələri təqdim olunur.Bütün bunlar onu göstərir ki, ABŞ-Rusiya münasibətləri yaxın zamanda yenidən gərgin fazaya daxil ola bilər”.
Zəri Bayramlı
