Mənim Colan təpələrindən imtina etmək fikrim yoxdur
İsrailin baş naziri Benyamin Netanyahu Suriya ilə təhlükəsizlik razılaşmasını müzakirə etdiyini və Colan təpələrindən imtina etmək niyyətində olmadığını bildirib.
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, İsrail hökuməti Suriyada yeni qurulan hakimiyyətlə təhlükəsizliklə bağlı məsələləri müzakirə etməli olub:
“Nəzərə alsaq ki, İsrail ötən ilin dekabrından sonra yeni hakimiyyətlə münasibətləri qurmaq əvəzinə Suriya ərazisindəki hərbi obyektləri bombalayırdı, Suriyanı tamamilə iflic vəziyyətinə salmaq və ölkəni federal quruluşa sürükləməklə onun ərazisini bütövlüyünü sual altına qoymaq çalışırdı, və bu siyasət davam etməkdədir.
Suriyada hakimiyyət dəyişikliyindən sonra İsrail Colan təpələrini tamamilə işğal edib. Bu əraziləri özünün təhlükəsizlik zonası kimi təqdim edir. Beynəlxalq ictimaiyyət Colan təpələrini Suriya ərazisi kimi tanısa da İsrail 1967-ci ildən bəri işğal etdiyi bu ərazilərdən çıxmaq niyyətində deyil. Bunun əsas səbəbi həm təhlükəsizlik məsələləri, həm də Colan təpələri bölgənin ən böyük su ehtiyyatlarına malik ərazi olduğu üçündür. Çünki buradakı su ehtiyyatları İsrailin ehtiyaclarını ciddi şəkildə qarşıladığı üçün İsrailin bundan imtina etmək niyyəti yoxdur.
Bu baxımdan İsrail-Suriya arasında razılaşma hansı istiqamətdə olacağını söyləmək indidən çətindir. Lakin Colan təpələri hər iki tərəf üçün çox strateji əhəmiyyət daşıyır və Suriya Prezidenti Əhməd əş-Şaraanın əvvəlki təxəllüsü Colan olduğunu da nəzərə alsaq bu prinsipial məqamdır.
ABŞ-nin Colan təpələrini işğal olunmuş ərazis kimi tanıması müsbət hadisə olsa da, ABŞ-nin ən yaxın tərəfdaşı olan İsraili işğal hərəkətindən çəkindirməklə bağlı ciddi addımlar atılıb. İsrail də ABŞ-nin bu hərəkətlərini bildiyindən hazırda Yaxın və Orta Şərqdə İsrail əslində sabitləşdirici faktor deyil”.
Çimnaz Telmanqızı