Mənlə yox, Zelenski ilə müzakirə et!
ABŞ Prezidenti Donald Tramp dünən telefon danışığı zamanı Rusiya lideri Vladimir Putinə ərazi tələblərinin birbaşa Ukrayna Prezidenti Vladimir Zelenski ilə müzakirə edilməli olduğunu deyib.
Mövzu ilə bağlı politoloq Turan Rzayev "İnformator.az"a açıqlamasında bildirib ki, Tramp tərəflər arasında kifayət qədər uğurlu bir vasitəçilik missiyasını üzərinə götürüb:
"İlk olaraq Putinlə Tramp arasında Alyaskada görüşün şahidi olduq və bu görüşə dair neqativ fikirlər səsləndirilsə də mən bunun nəticəsiz bitdiyini düşünmürəm. Putinin özünün Amerikaya gəlməsi belə uğurdur. Ardınca isə biz həm Avropa İttifaqı ölkələri, həm də Zelenski ilə Trampın görüş keçirdiyinin şahidi olduq. Əslində Tramp bu mesajı ilə həm tərəflərə düşünmək üçün vaxt verir, həm də ikili danışıqlar üçün təklif irəli sürür. Hazırda bu məsələni müzakirə etmək tərəflərin öz öhtəsinə qalıb. Ukrayna böyük ehtimal ərazi itkisi hesabına danışıqlara getməlidir. Rusiya isə təhlükəsizlik məsələsində inadlı mövqeyi ilə bağlı güzəştə getməlidir. Amma nəzarət ABŞ-nin əlindədir. Burada əslində beynəlxalq hüquqa uyğunsuz heç nə yoxdur. Hesab edirəm ki, Trampın bu dedikləri vaxtı ilə SSRİ ilə Finlandiya arasında imzalanmış müqaviləni xatırladır. Buna "Finlandiya modeli" deyirlər. Karel-Fin bölgəsi SSRİ-yə güzəştə gedildi və əvəzində Finlandiya Avropaya inteqrasiya olundu. Məncə indi Ukrayna ilə bağlı da bu variant gündəmdədir. Trampın bu məsələdəki inadkar mövqeyi öz effektini verəcək. Ona görə də mümkündür ki, Trampın məsələyə mövqeyinin davamlılığı məntiqi yekunu sürətləndirsin".
Fatimə Heydərova