00:00:00
Yazar
Admin User
14.11.2025 16:47 94 2 dəq oxuma
Siyasət

Moldova parlamenti Rus Evinin bağlanmasına səs verib

Moldova parlamenti Rus Evinin bağlanmasına səs verib

Moldova parlamenti paytaxt Kişineudakı Rus Evinin bağlanması barədə qərarı birinci oxunuşda təsdiqləyib.

 

Mövzu ilə əlaqədar politoloq Züriyyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Moldova parlamentinin Kişineudakı Rus Evinin bağlanmasına birinci oxunuşda səs verməsi ölkənin siyasi kursunda gedən dərin dəyişikliklərin bariz göstəricisidir:

 

“Bu qərar ilk növbədə Moldovanın geosiyasi yönünün Qərbə - xüsusilə Avropa İttifaqına inteqrasiya xəttinə doğru daha açıq və qətiyyətli şəkildə dəyişdiyini nümayiş etdirir. Son illərdə Kişineu hökuməti həm təhlükəsizlik siyasətində, həm enerji təminatında, həm də informasiya məkanının tənzimlənməsində Rusiyanın təsirini minimuma endirmək xətti götürüb. Rus Evinin bağlanması da bu strategiyanın davamı kimi qiymətləndirilə bilər və Moldovanın öz informasiya və humanitar məkanını Moskvanın yumşaq gücündən təmizləmək istəyi ilə bağlıdır. Bu addım təbii olaraq Moldova - Rusiya münasibətlərində gərginliyə səbəb olacaq. Moskva uzun illərdir ki, Moldovanı öz təsir orbitində saxlamağa çalışır və Rus Evinin fəaliyyəti də bunun yumşaq güc alətlərindən biri idi. Onun bağlanması Kremlin “dost olmayan addım” kimi qiymətləndirəcəyi bir qərardır və bu, siyasi bəyanatlar, iqtisadi təzyiq formaları və ya informasiya müharibəsinin güclənməsi ilə müşahidə oluna bilər. Eyni zamanda, Rusiya Dnestryanı bölgədəki separatçı strukturlar üzərindən təzyiq mexanizmlərini də aktivləşdirə bilər. Digər tərəfdən, Moldovada yaşayan rusdilli əhali arasında bu qərar qarışıq reaksiyalar doğura bilər. Bir qismi bunu öz mədəniyyət və dil haqlarına yönəlmiş simvolik hücum kimi təqdim edəcək, narazılıqlar arta bilər. Xüsusilə rusdilli medianın təsiri altında olan qruplar bu addımı diskriminasiya kimi qələmə verə bilərlər. Lakin digər hissə - xüsusən gənc nəsil və Avropa dəyərlərinə inteqrasiya etmək istəyən vətəndaşlar-bu qərarı Moldovanın dövlət suverenliyini gücləndirən addım kimi dəyərləndirəcək. Bu baxımdan, cəmiyyət daxilində mövcud olan siyasi və etnik bölünmələrin daha da kəskinləşməsi riski yaranır. Nəticə etibarilə, Rus Evinin bağlanması Moldovanın geosiyasi kursunun Qərbə sürətli yönəlişinin simvolik, lakin strateji əhəmiyyətli addımıdır. Bu, Moskva ilə münasibətləri daha da gərginləşdirəcək və daxildə rusdilli icma ilə münasibətlərin həssaslığını artıracaq. Bununla belə, Kişineu üçün bu addım ölkənin informasiya təhlükəsizliyi və siyasi suverenlik konsepsiyasının tərkib hissəsidir”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər