00:00:00
Yazar
Nərmin Həşimova
06.04.2026 20:58 24 7 dəq oxuma
Mədəniyyət

“Molla Nəsrəddin” jurnalı və Azərbaycan mətbuat tarixində rolu

“Molla Nəsrəddin” jurnalı və Azərbaycan mətbuat tarixində rolu

Azərbaycan mətbuat tarixində xüsusi yer tutan “Molla Nəsrəddin” jurnalı, milli oyanış və ictimai şüurun formalaşmasında mühüm rol oynamış ilk satirik nəşrlərimizdəndir. 7 aprel 1906-cı ildə çapdan çıxan bu jurnal, Mirzə Cəlilin fövqəladə istedadı sayəsində gerilik, cahillik, mövhumat və sosial ədalətsizlik kimi cəmiyyət problemlərini kəskin satira ilə tənqid edirdi. Sadə xalq dili və maraqlı karikaturalarla zənginləşdirilən felyetonları sayəsində “Molla Nəsrəddin” geniş oxucu kütləsi tərəfindən sevilib və Azərbaycan mətbuatının inkişafında əvəzsiz iz qoyub. Bu il jurnalın ilk nömrəsinin çapından 120 il keçir ki, bu da onun tariximizdəki əhəmiyyətini bir daha vurğulayır.

 

“İnformator.az”a açıqlama verən Bakı Dövlət Universiteti Milli Mətbuat Tarixi kafedrasının professoru, filologiya elmləri doktoru, Əməkdar jurnalist Qərənfil Dünyaminqızı bildirib ki, “Molla Nəsrəddin” jurnalı özü bütövlükdə şərq aləmində bir inqilab oldu:

 

“Yalnız çap tarixində, mətbuat tarixində, satirik jurnalistikanın tarixində yox, həm də mənəviyyatda, ictimai şüurda, yazı üslubunda “Molla Nəsrəddin”in doğuşu həqiqətən bir inqilab oldu. “Molla Nəsrəddin” xalqın dərdini xalqın dilində ona çatdırırdı.
“Molla Nəsrəddin”in əsas amalı, istəyi, arzusu xalqı cəhalətdən qurtarmaq, xalqı maarifləndirmək, xalqı elmə, təhsilə, yeniliyə çatdırmaq idi. “Molla Nəsrəddin”də bütün mövzulara müraciət olunur, toxunduğu məsələlərdə bir məhdudiyyət yox idi. Hətta çar hökumətinə, Nikolaydan tutmuş bütün mövzulara “Molla Nəsrəddin” öz səhifəsində yer verirdi. Bu mövzular arasında aparıcı mövzu, ən aktual olanlar isə milli məsələ, ana dili və qadın azadlığı məsələsidir. “Molla Nəsrəddin” heç zaman islam dinini tənqid etməyib. İslam şərqinə aid olan naqislikləri qamçılayıb, onları tənqid edib. Dırnaqarası şeyxləri, dırnaqarası mollaları, dırnaqarası din xadimlərini də tənqid edib və çox haqlı idi bu baxımdan. “Molla Nəsrəddin”in həm çox dostları, həm də çox düşmənləri var idi.

Təbii ki, dostları maarifpərvər, yeniliyi qəbul edən, azadlığı, müstəqilliyi, azad düşüncəni, xalqın xoşbəxtliyini, azadlığını təbliğ və təlqin edən ziyalılar idi. Düşmənləri də dırnaqarası şeyxlər, mollalar, din xadimləri idi. Təbii ki, “Molla Nəsrəddin” deyəndə ilk gözümüzün qarşısına gələn Cəlil Məmmədquluzadədir- jurnalın yaradıcısı. Hörmətli yazıçımız Anar yazır ki, “Mirzə Cəlil ömrü boyu bircə kəlmə belə olsun yalan söz nə demiş, nə yazmışdır. Kiməsə xoş gələn, kiməsə könlünə yatan bircə kəlmə də belə yazmamışdır, söyləməmişdir”. Ona görə də Mirzə Cəlil heç vaxt düşüncələrini nə hakim ideyalara, nə də avam camaatın zövqünə uyğunlaşdıra bilirdi və uyğunlaşdırmırdı da. Mirzə Cəlil xalqın dərdini xalqın dilində xalqa çatdırırdı. Bax, buna görə “Molla Nəsrəddin” tez bir zamanda sevildi, məşhurlaşdı bütün şərq dünyasında, şərq aləmində”.


Professor qeyd edib ki, “Molla Nəsrəddin”in nəşrə başladığı dövrə nəzər salanda görürük ki, çox ziddiyyətli, çox mürəkkəb, özbaşınalığın hökm sürdüyü bir dövrdür:

 

“ Xalqımızın, məmləkətimizin zülmət içində, cəhalət içində çabaladığı bir dövrdür. Bu vaxt “Molla Nəsrəddin” yarandı və xalqını o zülmətdən, o cəhalətdən qurtarmaq üçün işıqlı yola istiqamətləndirdi. Təəssüflər ki, “Molla Nəsrəddin”in bu mübarizəsini- xurafata, möhumata, cəhalətə qarşı apardığı bu mübarizəni islam dininə qarşı aparılan mübarizə kimi təqdim edirdilər. Uzun illər sovet dövrü tədqiqatlarında bu belə təqdim edilib.


Tədqiqatçılar yazırlar ki, Cəlil Məmmədquluzadə həqiqətə, ədalətə, öz əqidəsinə sadiq qalan bir yazar idi, söz-qələm əhli idi, düşünən və düşündürən bir qələmə, sözə malik idi. Ona görə də bir əsrdən çox zaman keçib, məkan dəyişib, amma Mirzə Cəlilin yazdıqları unudulmayıb. Əksinə, bu gün də biz dönə-dönə onun publisistikasına, dramaturgiyasına, yaradıcılığına qayıdırıq. Mirzə Cəlil başda olmaqla bütün mollanəsrəddinçilərin böyük türk dünyasının içində onlara məxsus olan bir dünya var idi- Azərbaycan dünyası. Və onun bütün real problemlərini həll etmək, bu problemlərdən onu azad etmək, o çirkinliklərdən qurtulmaq, azadlığa, müstəqilliyə, işığa, xoşbəxtliyə doğru aparmaq üçün bütün mollanəsrəddinçilər ilk saydan son sayadək bütün varlıqları ilə mübarizə apardılar, yazdılar, yaratdılar.

 

Milli ləyaqət bir şeydir, milli lovğalıq isə tamamilə başqa bir şeydir. Mollanəsrəddinçilər isə başdan-ayağa milli ləyaqətə bürünmüşdülər və bunun uğrunda mübarizə aparırdılar, bunu qoruyub saxlayırdılar”.


Professor həmçinin qeyd edib ki, “Molla Nəsrəddin”in taleyi üç böyük şəhərlə bağlıdır:

 

“1907-ci ildən 1917-ci ilə qədər Tiflisdə nəşr edilib. 1921-ci ildə Təbrizdə nəşr olunub. 1922-ci ildən 1931-ci ilə qədər isə Bakıda nəşr olunubdur.
Tiflisdə və Təbrizdə nəşr olunan “Molla Nəsrəddin” həqiqətən xalqın dərd-sərini xalqın dilində yazan, onun aradan qaldırılması uğrunda mübarizə aparan bir mətbuat orqanı olubdur. Yəni, xalqın mətbuatı olub, xalqın tribunası olubdur “Molla Nəsrəddin”.
Bakıda çıxan “Molla Nəsrəddin” isə 1922-ci ildə fəaliyyətə başlayır. Mirzə Cəlilin ilk saylarda məqalələri də, felyetonları da var. Amma artıq 1924–1925-ci illərdən sonra çıxan “Molla Nəsrəddin” tamamilə Şura hökumətinin, Sovet hökumətinin “Molla Nəsrəddin”i idi. Yeni quruluşa xas olan mətbuat orqanı idi və bu heç də xalqa məxsus, xalqın tribunası deyildi. Ona görə də hörmətli professorlarımızdan Şirməmməd Hüseynov, Ataxan Paşayev və digərləri “Molla Nəsrəddin”in Təbriz-Tiflis dövrü ilə Bakı dövrünün eyni olmasının qəti əleyhinədirlər və onların müqayisə edilə biləcək bir səviyyədə olmadığını söyləyirlər. Həqiqətən də, Bakıda çıxan “Molla Nəsrəddin” Şura hökumətinin, Sovet hökumətinin mətbuat orqanı oldu- qəliblənmiş mətbuat orqanı. Hətta buna görə 1925-ci ildə Cəlil Məmmədquluzadə Mərkəzi Komitəyə də məktub yazır, jurnalın o zaman hərbi senzoru təyin edilən Məmmədsəid Ordubadiyə də məktub yazır və bildirir ki, “bu gündən sonra mən birmənalı olaraq jurnala redaktorluq etməkdən imtina edirəm.” Çünki  “Molla Nəsrəddin” Mirzə Cəlili qane etməyən bir mətbuat orqanına çevrilirdi”.

 

Professor açıqlamasında bildirib ki, Həmidə xanım Cavanşirin xatirələrindən də bəlli olur ki, Mirzə Cəlil “Molla Nəsrəddin”i övladlarından biri adlandırırmış:
 

"Yəni, övladları qədər “Molla Nəsrəddin” jurnalını istəyirmiş. Çünki doğrudan da “Molla Nəsrəddin”i min bir əzabla Tiflisdə yaratmağa nail olmuşdu Ömər Faiq Nemanzadə ilə. Ona görə də onun jurnaldan uzaqlaşdırılması, jurnalın adının “Allahsız” qoyulması Cəlil Məmmədquluzadəyə çox pis təsir edir. 1931-ci il yanvarın 7-də “Molla Nəsrəddin” jurnalının son nömrəsi çıxır. Həmin gündən sonra cəmi bircə il yaşayır Cəlil Məmmədquluzadə. 1932-ci il yanvarın 4-də vəfat edir. “Molla Nəsrəddin”dən onu ayrı salmaları, “Molla Nəsrəddin”i onun əlindən alıb “Allahsız” adlandırmaları Mirzə Cəlilə çox böyük bir zərbə olmuşdu. Hətta səhhətində problemlər də yaranmışdı ki, bu haqda Həmidə xanımın xatirələrində çox gözəl, geniş informasiyalar var.


Hörmətli yazıçımız Anar yazır ki, “Azərbaycan ziyalılarına divan tutulacaq 1937-ci ilin faciələrini sanki öncədən görürdü Mirzə Cəlil.” Ona görə də 1932-ci ildə ölməsi ilə zirzəmilərə atılacağından sanki qurtuldu. Doğrudan da, Mirzə Cəlil bütün varlığı ilə sərbəstliyə, azadlığa bağlı bir söz adamı idi. Mirzə Cəlili daima xalqının problemləri narahat edirdi, düşündürürdü. Yəni, Mirzə Cəlil heç zaman şəxsi problemlərini qabartmazdı, ön plana gətirməzdi. Onun yaradıcılığında nəinki bir cümlə, bir söz belə tapa bilməzsən. Mirzə Cəlili həmişə bütün yaradıcılığı boyu düşündürən xalqının problemləri, ağrısı, acısı, çətinlikləri, əzabları olub. Ona görə də, təbii ki, Mirzə Cəlil Şura hökumətini ilk gündən qəbul etmədi. Hətta bunu gizlətmədi də. Nə qədər çətin olsa da, Mirzə Cəlil buna qarşı çıxdı, məqalələr yazdı. Bax, məhz buna görə Mirzə Cəlili nəinki mətbuatdan, bütövlükdə ədəbi mühitdən, ədəbi-ictimai mühitdən sovetlər uzaqlaşdırdı. Yəni, Cəlil Məmmədquluzadəyə həm maddi, həm mənəvi əzab verdi sovetlər.

"Molla Nəsrəddin” fəaliyyətə başlamaqla yalnız Azərbaycan mətbuatında satirik mətbuatın bünövrəsini qoymadı, həm də Azərbaycan mətbuatında, Azərbaycan ədəbiyyatında, Azərbaycan ictimai fikrində böyük bir ziyalı ordusunu yetişdirdi. “Molla Nəsrəddin” Mirzə Ələkbər Sabir kimi satirik şeirimizdə böyük bir dahini yetişdirdi. Mirzə Ələkbər Sabirin ədəbi mühitdə tanınması, məşhurlaşması “Molla Nəsrəddin”lə bağlıdır. Düzdür, Mirzə Ələkbər Sabir digər mətbuat orqanlarında da çıxış edib. Məsələn, “Səda”, “Həyat”, “Füyuzat”, “Sədayi-həqq”, “Dəbistan”, “İrşad” və s.  Amma Mirzə Ələkbər Sabiri bütün ictimai mühitə, ədəbi mühitə satirik şair kimi, istedadlı bir qələm əhli kimi tanıdan, yetişdirən “Molla Nəsrəddin” olub.

 

“Molla Nəsrəddin” satirik yazılarında, karikaturalarında xalqı güldürürdü, amma əslində o gülüşün içində acı bir həqiqət var idi. O gülüşün içində başda Mirzə Cəlil olmaqla bütün mollanəsrəddinçilərin hayqırtısı, ürək ağrısı, ürək yanğısı var idi. Ona görə də biz bu gün çəkinmədən deyə bilirik ki, XX əsrin əvvəllərində fəaliyyətdə olan anadilli, milli ruhlu mətbuatımız arasında təkrarolunmaz, özünəməxsus bir məktəbə, bir izə malik olan “Molla Nəsrəddin” əbədi yaşadı”.

 

 

Nurgün Qənizadə

 

 

#molla nəsrəddin #jurnal #milli ləyaqət #mətbuat
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər