Moskva Bəyannaməsi-Sülhə Doğru İlk Addım
2 noyabr 2008-ci il-bu tarix Azərbaycan diplomatiyasında mühüm dönüş nöqtəsi kimi yadda qalıb. Məhz həmin gün Moskva şəhərində Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında illərdir qanla, acı ilə yazılan Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm bir sənəd-Moskva Bəyannaməsi imzalanıb.
Bu bəyannamə 1994-cü il atəşkəsindən sonra tərəflər arasında imzalanan ilk rəsmi sənəd idi. Sənədin mahiyyəti sadə, lakin dərin idi-sülh danışıqlarının davam etdirilməsi, münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında həllinə sadiqlik və bölgədə sabitliyin təmin olunması. Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə baş tutan görüşdə İlham Əliyev və Serj Sarkisyan ilk dəfə olaraq qarşılıqlı dialoqun vacibliyini vurğulayıblar.
Həmin vaxt bəlkə çoxları bu sənədə sadəcə diplomatik jest kimi baxıb. Amma əslində Moskva Bəyannaməsi gələcək proseslərin təməlini qoyub. Bu bəyannamə danışıqlar masasında Azərbaycanın haqlı mövqeyinin beynəlxalq səviyyədə bir daha təsdiqlənməsi idi.
Zaman keçib-illər sonra Azərbaycan Ordusunun Zəfəri, 2020-ci il Vətən Müharibəsi nəticəsində Qarabağ torpaqlarının azad olunması göstərib ki, sülhə aparan yol bəzən sənədlərlə, bəzən də xalqın iradəsi ilə yazılır. Moskva Bəyannaməsi həmin iradənin siyasi başlanğıcı idi.
Bu gün 2 noyabr tarixini xatırlamaq, sülhə inamın diplomatik və milli gücün sintezindən doğduğunu anlamaq deməkdir.
Sülh sənədlə başlayar, amma qələbə xalqın qəlbində yetişər.
Banuçiçək Məmmədova
