00:00:00
Yazar
Asiman Vəliyeva
24.02.2026 21:44 11 2 dəq oxuma
Maraqlı Özəl

Müasir cizgi filmləri uşaqlarda aqressiyanı artırır?

Müasir cizgi filmləri uşaqlarda aqressiyanı artırır?

Rəngarəng görüntülər, sürətli səhnələr, yüksək səslər və bitməyən mübarizələr… Bu ekran işləri əsasən uşaqların əylənməsi, maarifləndirməsi məqsədi daşısa da, bir sıra səhnələr bunun tam əksini göstərir. Obrazların qorxu, həyəcan aqresiya dolu hərəkətləri heç də adi filmlərdən geri qalmır.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Nabat Mirzəyeva bildirib ki, bütün müasir cizgi filmlərinin uşaqlarda aqressiya yaratdığını demək düzgün olmaz:


“Lakin bəzi cizgi filmlərində yer alan aqressiv səhnələr və zorakılıq elementləri davamlı və nəzarətsiz şəkildə izlənildikdə uşaqlara mənfi təsir göstərə bilər. Davamlı olaraq aqressiv məzmunla qarşılaşan uşaqda qəzəb davranışları formalaşa və gördüyü hərəkətləri təkrarlamaq meyli yarana bilər.
Sosial öyrənmə nəzəriyyəsini irəli sürən Albert Bandura sübut edib ki, uşaqlar gördüklərini təqlid etməyə meyillidirlər. Yəni uşaq ekranda müşahidə etdiyi davranış modelini real həyatda tətbiq etməyə çalışa bilər. Əgər cizgi filmində problemlər daim zorakılıq və aqressiya yolu ilə həll olunursa, uşaq da düşünə bilər ki, gündəlik həyatda münaqişələri bu şəkildə həll etmək normaldır.
Burada, xüsusilə, üç əsas amil rol oynayır. İlk olaraq, yaş faktoru 3–7 yaş dövründə uşaqlar real və qeyri-real hadisələri ayırd etməkdə çətinlik çəkirlər. Onlar cizgi filmində gördüklərini gerçək kimi qəbul edə və həmin davranışları təkrarlamağa çalışa bilərlər. Digəri isə, nəzarətsiz izləmədir. Uşaqlar tək və valideyn nəzarəti olmadan izlədikdə təsir daha güclü ola bilər. Son olaraq isə, aqressiv məzmun təsadüfi deyil, mütəmadi şəkildə izlənildikdə onun təsiri daha qabarıq şəkildə özünü göstərir”.


Əlavə olaraq bildirilib ki, davamlı olaraq zorakılıq səhnələri ilə qarşılaşan uşaqlarda empatiyanın azalması, problemlərin həllində aqressiyaya üstünlük vermə, hiperaktivlik və səbirsizlik kimi hallar müşahidə oluna bilər:


“Sürətli kadr dəyişiklikləri sinir sistemində həddindən artıq oyanıqlıq yarada bilər ki, bu da davranışlarda gərginliyə səbəb olur.
Uşaqlar bəzən cizgi filmində gördüklərini oyun zamanı oyuncaqlar üzərində tətbiq edirlər. Daha sərt oyun davranışları, vurma hərəkətləri, qorxulu yuxular və şiddətə meyillilik arta bilər. Bəzi hallarda uşaqlar fikirlərini sözlə ifadə etmək əvəzinə vurmaq və ya aqressiv davranmaq yolu ilə göstərməyə çalışırlar. Onlara məhdudiyyət qoyulduqda isə qəzəb reaksiyası daha güclü ola bilər.
Bununla belə, bütün cizgi filmlərini zərərli hesab etmək düzgün deyil. Maarifləndirici və yaşa uyğun seçilən bir çox cizgi filmləri uşaqların nitq inkişafına, söz ehtiyatının artmasına, sosial bacarıqların və davranış qaydalarının formalaşmasına müsbət təsir göstərir.
Nəticə etibarilə, əsas məsələ uşağın yaşına uyğun məzmun seçilməsi, izləmə müddətinə nəzarət olunması və valideyn iştirakı ilə baxışın təmin edilməsidir. Əks halda, yaşına uyğun olmayan və nəzarətsiz şəkildə izlənilən cizgi filmləri müəyyən davranış dəyişikliklərinə səbəb ola bilər”.


Səadət Əlizadə

#uşaqlarda #cizgi #gündəm #xəbər #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər