Münaqişə regional müharibəyə çevrilə bilər
İranın ABŞ və İsrailə xəbərdarlıq etməsi Yaxın Şərqdə gərginliyin daha da artacağı ehtimallarını gündəmə gətirib. Ekspertlər hesab edir ki, tərəflər arasında qarşıdurma davam edərsə, bu proses daha geniş regional münaqişəyə çevrilə bilər.
Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimanlı “İnformator.az”a açıqlamasında bildirib ki, mövcud vəziyyət göstərir ki, tərəflər arasında dialoq imkanları getdikcə azalır və qarşıdurma daha sərt mərhələyə keçə bilər:
“Hazırda tərəflər arasında münasibətlər o həddə çatıb ki, artıq bütün körpülərin yandırıldığı bir mərhələ müşahidə olunur və yaxın zamanda danışıqlara qayıtmaq ehtimalı çox zəif görünür. Hərbi baxımdan ABŞ və İsrail müəyyən üstünlüklərə malikdirlər, xüsusilə hava məkanında üstünlük onların tərəfindədir. Bu da İran üçün vəziyyəti daha mürəkkəb edir. Buna baxmayaraq, İran müxtəlif vasitələrlə cavab addımları atmağa çalışır və bu prosesin müxtəlif istiqamətlərdə davam edə biləcəyi ehtimal olunur. İranın regionda müxtəlif proksi qüvvələri mövcuddur və bu qüvvələrin aktivləşməsi münaqişənin miqyasını genişləndirə bilər. Əgər həmin qüvvələr daha aktiv şəkildə hərəkətə keçərsə, bu artıq münaqişənin regional müstəviyə keçməsi demək olacaq. Bu isə Yaxın Şərqdə bir neçə ölkənin ərazisində gərginliyin artmasına və təhlükəsizlik risklərinin yüksəlməsinə səbəb ola bilər. İranın resursları tədricən azalarsa, rəsmi Tehran daha fərqli və gözlənilməz addımlar ata bilər. Bu addımlar regiondakı ABŞ hərbi bazalarına və ya İsrail maraqlarına qarşı müxtəlif hücumlar və təzyiq vasitələri şəklində özünü göstərə bilər. Belə bir ssenari isə münaqişənin daha geniş miqyas almasına səbəb ola bilər. Hazırkı mərhələdə tərəflərin qısa müddətdə razılığa gəlməsi real görünmür. Proses uzandıqca münaqişə yalnız İran ərazisi ilə məhdudlaşmaya və regionun digər ölkələrinə də təsir göstərə bilər. Bu isə Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin daha da gərginləşməsi deməkdir”.
Ayşə Müzəfərli