Münxenin yeni reallıqları - İlham Əliyev regionun lideri kimi
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-dən 15-dək Almaniyada keçirilən Münxen Təhlükəsizlik Konfransında səsləndirdiyi bəyanatlarda, verdiyi mesajlarda regional məsələlərə xüsusi diqqət yetirib.
Mövzu ilə bağlı siyasi şərhçi Taleh Əliyev “İnformator.az” a açıqlamasında bildirib ki, Azərbaycan 2023-cü il 19 sentyabr tarixində həyata keçirdiyi antiterror tədbirləri ilə ölkənin suverenliyini və konstitusiya quruluşunu tam şəkildə təmin edib:
“Bununla da Azərbaycan Cənubi Qafqazda güc balansını öz xeyrinə möhkəmləndirərək regionun əsas söz sahibinə çevrilib. Azərbaycan nəinki Cənubi Qafqazın aparıcı aktoru kimi çıxış edir, eyni zamanda müxtəlif təşəbbüslərlə beynəlxalq miqyasda mühüm aktor obrazını formalaşdırıb. Getdikcə artan beynəlxalq nüfuzu kontekstində xüsusilə 2025-ci il 8 avqust tarixində Vaşinqtonda imzalanan sülh gündəliyi və Cənubi Qafqazın regional münaqişə məkanından regional əməkdaşlıq platformasına çevrilməsi prosesi mühüm əhəmiyyət kəsb edib. Həmin sənəd Vaşinqtonda imzalansa da, sülh danışıqlarının formatının müəyyənləşdirilməsində və prosesin əsas istiqamətlərinin formalaşdırılmasında təşəbbüs Azərbaycan tərəfinə məxsus olub. Münxen Təhlükəsizlik Konfransında Azərbaycan tərəfinin əvvəlcədən formalaşdırdığı yeni reallıqlar öz təsirini göstərib. Azərbaycan Prezidenti konfrans çərçivəsində ən çox görüş keçirən liderlərdən biri olub. Çoxsaylı Avropa dövlət və hökumət başçıları ilə ikitərəfli və çoxtərəfli görüşlər reallaşdırıb. Eyni zamanda, uzun illər Azərbaycan-Ermənistan münaqişəsinə qərəzli yanaşma ilə tanınan Fransa mediasına, o cümlədən “France 24” televiziya kanalına verilən müsahibə zamanı Fransanın mövqeyi faktlarla əsaslandırılaraq beynəlxalq ictimaiyyətə çatdırılıb. Konfrans çərçivəsində həm erməni silahlı birləşmələri ilə bağlı Azərbaycanın prinsipial mövqeyi ifadə olunub. Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində rəsmi Bakının yanaşması aydın şəkildə bəyan edilib. Bundan əlavə, Fransa-Azərbaycan münasibətlərində yaranmış gərginliyin səbəbinin Fransa tərəfinin mövqeyi ilə bağlı olduğu da vurğulanıb. Azərbaycan Münxen Təhlükəsizlik Konfransına getməzdən əvvəl regionda güc balansını təmin etdiyi üçün həmin platformada bu balansın qorunması baxımından daha əlverişli mövqedə olub. İstər ikitərəfli görüşlərdə, istərsə də panel müzakirələrində Azərbaycanın mövqeyi aydın və qəti şəkildə ifadə edilib”.
Selcan Xudiyeva
